Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərinin təqdimatına davam edir. Bu dəfə mövzumuz Masallı rayonudur.
Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun “Cavahirnameyi Lənkəran” (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair maraqlı məlumatlar əks olunub.
“Masallı” coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilib.
Tarixi mənbələr bu toponimi “məsəl çəkilən yer, məsəl çəkənlər” mənasında səciyyələndirirlər. “Masallı” sözünün “Mosullu” sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.
Bəs rayonun ziyalıları bu haqda nə bilirlər?
Altıncı çağırış Milli Məclisin Masallıdan olan deputatı, tarixçi alim Anar İsgənsərov bildirib ki, Masallı Azərbaycanın qədim yaşayış məskənlərindən biridir:
“Həm də ölkəmizin elə yaşayış yerlərindəndir ki, həm dağları, həm dağətəyi ərazisi, həm düzənlikləri və Xəzər dənizi sahilləri də mövcuddur.
“Masallı” toponimi haqqında bir neçə mülahizə var. Bu mülahizələrdən daha inandırıcısı toponimin “Mosul” sözü ilə əlaqəli olmasıdır. Yəni Mosullu, Mosuldan gələnlər…
İkinci ehtimal isə toponimin İran İslam Respublikasının hazırda Masal adlı ərazisindən gəlməsidir. Bu mülahizə üzərində daha çox dayanmaq lazımdır. Çünki Sovetlər dağılandan, İran və Azərbaycan arasındakı münasibətlər normal qaydaya düşəndən sonra kifayət qədər insanlar bu ərazidə olub. Fikir ondan ibarətdir ki, hətta insanların ləhcəsi belə üst-üstə düşür.
Üçüncü ehtimal odur ki, bu ərazini idarə edən Masal bəy adlı şəxs olub. Ölümündən sonra ərazi Masallı adlanıb. Hər halda Masallı rayon mərkəzidir, əsası 1930-cu ildə qoyulub. Hazırda kənd rayonları içərisində əhalisi ən çox olan rayondur, 240 min nəfərə qədər əhalisi var. Uzun müddət tərəvəzçilik, çayçılıq, heyvandarlıq, çəltikçilik mərkəzi kimi yadda qalıb. Əhali həmişə öz zəhməti ilə öyünüb. Bu zəhmətin də bünövrəsi torpaqla bağlı olub. Bu mənada torpağı da bir neçə qrupa ayırmaq olar. Dağ ərazisi, dağətəyi ərazi, düzən ərazilər. Bu torpaqlar özləri də məhsuldarlığa bölünür. Masallı bu gün Azərbaycanın inkişaf etmniş rayonlarından biridir. Əhali bu gün də təsərrüfat işlərinə davam edir”.
“Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov qeyd edib ki, 1930-cu ilə qədər Masallı rayonu olmayıb:
“Rayon Lənkəran qəzası ərazisində bir neçə mahalın bişləşməsi ilə yaranıb. Masallının adı ilə bağlı bir neçə mülahizə var. Bunlardan biri yerli əhalinin çox məsəl çəkməsi ilə bağlıdır. Bir mülahizəyə görə isə İranda Masal adlı ərazi olub. Bu toponim də oradan götürülüb”.