Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə Maşallah Əhmədovla zərərçəkmişin İrandan gətirilən daşların qiyməti ilə bağlı sənədlər tələb olunub.
Hakim Faiq Qasımov bununla yanaşı daşların gətirilmə və gömrük xərcləri ilə bağlı da araşdırma aparıldığını deyib: “Bununla bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərilib. Həmçinin zərərçəkmişdən dəymiş ziyanla bağlı real xərclənən məbləği əsaslandırılmış halda təqdim edilməsini istəyirik”.
Maşallah Əhmədovun vəkili bildirib ki, dəymiş ziyan şişirdilib. Onun sözlərinə görə, İrandan gətirilən həmin daşların hər kvadratmetri 11-13 manat məbləğində alınıb və Azərbaycanda həmin daşların satış qiyməti 25 manatadır: “Amma ekspertiza rəyində həmin daşların 1 kvadratmetrinin qiyməti 80 manat müəyyən edilib. Maşallah Əhmədov dəymiş real ziyanı ödəməyə hazırdır”.
Hakim bildirib ki, həmin qiymətlər real araşdırılsın və məhkəməyə yazılı təqdim edilsin.
Proses mayın 10-da davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Maşallah Əhmədov və onun vəkili Samir Abdullayev apelyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəza verilməsini istəyir.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.