“Real Madrid”in sabiq müdafiəçisi Marselo karyerasını Meksika çempionatında davam etdirə bilər.
“Amerika” klubu əfsanəvi braziliyalının xidmətində maraqlıdır.
Məlumatı “RTI Esporte” yayıb. Mənbənin məlumatına görə, “Amerika” “Fluminense”dən ayrıldıqdan sonra hazırda klubsuz olan futbolçuya təklif göndərib.
36 yaşlı Marselo ilə danışıqlarda “Amerika”nın sahibi Emilio Azkarraqanın şəxsən iştirak etdiyi bildirilir. Futbolçu təxminən 24 milyon dollar dəyərində bir illik müqavilə imzalamaq istəyir. Razılaşmaya görə, braziliyalının maaşının bir hissəsini sponsorlar “Nike” və “Televisa” ödəyəcək.
Xatırladaq ki, Marselo “Fluminense”nin baş məşqçisi Manu Menezeslə mübahisə edərək qalmaqala səbəb olmuşdu. Məhz bundan sonra o, qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilməsinə nail olmuş və “Fluminense”dən azad agent kimi ayrılmışdı. (fanat.az)