backend

Markov: “Rusiya Qarabağ problemini həll etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Rusiyanın xarici siyasəti – 25 il” mövzusunda konfrans çərçivəsində Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən təşkil edilmiş “Rusiya ilə Azərbaycan arasında humanitar münasibətlər – 25 il” mövzusunda dəyirmi masa keçirilib. 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Rusiyanın xarici siyasəti – 25 il” mövzusunda konfrans çərçivəsində Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən təşkil edilmiş “Rusiya ilə Azərbaycan arasında humanitar münasibətlər – 25 il” mövzusunda dəyirmi masa keçirilib.

TİA.AZ xəbər verir ki, dəyirmi masanın moderatoru, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov diskussiyanı açaraq diqqəti ona yönəldib ki, regionun lider ölkəsi olan Rusiya bu məkanda baş verən hadisələrə görə məsuliyyət daşımalıdır. Onun fikrincə, Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalı və bu münasibətlər yenilənməlidir. S.Markov deyib: “Əgər Rusiya liderdirsə, o, məsuliyyət daşımalıdır. O, problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır”.

Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və erməni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini vurğulayıb.

TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, beynəlxalq və Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Qədirova öz çıxışında KİV nümunəsində ölkələrimiz arasında humanitar əməkdaşlıq mövzusuna toxunub. Mədəniyyət və incəsənət sahəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin intensiv inkişafını qeyd edən S.Qədirova Tretyakov Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini, bu sərginin açılışında Azərbaycanının birinci xanımı Mehriban Əliyevanın iştirak etməsini xatırladıb. Ekspert həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Rusiyanın aparıcı TASS informasiya agentliyi arasında uğurlu əməkdaşlığı vurğulayıb. Lakin politoloqun fikrincə, bu il aprel ayında Ermənistan ilə Azərbaycan arasında cəbhə xəttində baş vermiş son hadisələr KİV sahəsində daha sıx əməkdaşlığın zəruri olmasını bir daha nümayiş etdirdi. S.Qədirova vurğulayıb: “Aprel hadisələri göstərdi ki, biz bu cür çağırışlara hazır deyilik, çünki, Rusiya media məkanında informasiya əsasən birtərəfli şəkildə təqdim edilirdi. Həmin dövrdə kifayət qədər ciddi sayılan bəzi KİV-lər hətta birbaşa efirdə səsvermə keçirməyi və “Kim Ermənistanın, kim Azərbaycanın tərəfdarıdır?” tipli suallar verməyi özlərinə rəva görürdü. Halbuki Rusiya bu hadisələrdə kiminsə tərəfini saxlamır, münaqişənin dinc yolla həlli üçün ardıcıl səy göstərirdi”.

S.Qədirova ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasında KİV-lərin rolu məsələsinin aktuallığını və ictimai informasiya məkanı formalaşdırmağın vacibliyini xüsusi qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Nəcibə Mustafayeva strateji tərəfdaşlıq amili kimi Azərbaycan ilə Rusiya arasında humanitar əməkdaşlıq barədə danışıb.

D.S.Lixaçov adına Rusiya Elmi Tədqiqat Mədəni və Təbii İrs İnstitutunun direktor müavini Yevgeni Baxrevski qeyd edib ki, məsələyə sivil yanaşma baxımından Azərbaycan regiondakı üç iri ölkə – İran, Rusiya və Türkiyə ilə tarazlaşdırılmış münasibətlər quran unikal ölkədir. Ekspert deyib: “Azərbaycan hər üç məkanda öz mənliyini tamamilə qoruyub saxlayır. Son vaxtlar bu üstünlükdən öz xeyrinə istifadə etməyə başlayıb. Rusiya, İran və Azərbaycan liderlərinin yaxın vaxtlarda Bakıda keçirilmiş görüşü buna parlaq nümunədir. Ekspertlərin çoxunun fikrincə, Türkiyənin də bu ölkələrə qoşulması və dördtərəfli format yaradılması regionun inkişafı üçün yaxşı perspektivlər açacaq”. O, uğurlu iqtisadi layihələrlə bərabər humanitar layihələrin də həyata keçirilməsini, məsələn, ölkələrimizin sivil dəyərlərini inkişaf etdirə biləcək keyfiyyətli müştərək filmlər, seriallar çəkilməsini təklif edib. Y.Baxrevski bildirib ki, hazırda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin elmi-metodik mədəniyyətşünaslıq mərkəzi ilə birlikdə “Rusiyada və Azərbaycanda mədəni siyasət və mədəni irs ekstremist ideologiyalara qarşı mübarizə amili kimi” adlı elmi-analitik məcmuə üzərində iş aparılır.

Diskussiyalarda Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova, MDBMİ-nin iqtisadi klubunun elmi rəhbəri, Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov, MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin elmi işçisi Elnur Mehdiyev, “Lider TV”-nin Rusiya bürosunun rəhbəri Anar Həsənov iştirak ediblər.