Marketlərin ƏDV fırıldağı – Niyə sanksiyalar tətbiq olunmur?backend

Marketlərin ƏDV fırıldağı – Niyə sanksiyalar tətbiq olunmur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda bir sıra mağaza sahibləri vətəndaşları aldadırlar.
 
Belə ki, paytaxtın mərkəzindəki bəzi marketlər köhnə nəsil kassa aparatlarından istifadə edir və vətəndaşlara üzərində QR-kod olmayan çekləri təqdim edirlər. Belə çeklərlə isə “ƏDV-ni geri al” layihəsindən yararlanmaq mümkün olmur.
Vətəndaşlar sual edirlər ki, köhnə nəsil kassa aparatlarından istifadə edən sahibkarları hansısa cəzalar gözləyir?
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən bütün növ pərakəndə ticarət, iaşə, iri ticarət müəssisələrinin fəaliyyətində  yeni nəsil nəzarət kassa aparatının tətbiq edilməsi məcburidir:
“2019-cu ildən başlayaraq Azərbaycanda nəzarət kassa aparatının tətbiq edilməsi məcburi olan bütün fəaliyyət sahələrində yeni nəsil kassa apratlarına keçidlə bağlı mərhələli proqram həyata keçirilir. Bu plana baxmış olsaq, Bakı şəhərində sonuncu mərhələ 2022-ci ilin aprel ayında yekunlaşıb. Yəni, bu proqram çərçivəsində artıq işlər tamamlanmalı idi. Təbii ki, bu da sahibkar üçün müəyyən maliyə yükü yaradır. Bu yükün qismən azaldılması məqsədilə hökumət biznesə müəyyən maliyyə dəstəyi verir. Yəni, əvəzlənmiş yeni nəsil kassa aparatları üçün çəkilən xərclər tam və yaxud qismən həmin vergi ödəyicisinin vergi öhdəliklərindən silinir. Tutaq ki, siz kassa aparatını əvəzləmək üçün 500 manat xərc çəkmisinizsə, artıq sizin ödəməli olduğunuz vergidən həmin 500 manat silinir. Qeyd edək ki, kompensasiya hədləri Nazirlər Kabineti tərəfindən müəyyən edilib. Əvəzləşdirmə həmin hədlər çərçivəsində aparılır”
R.Həsənov qeyd edib ki, proqramın icrasında pandemiya dövründə gecikmələr olub:
“Lakin təsdiqlənmiş proqrama görə Bakı şəhərində bu bitibdir. Bitibsə, artıq köhnə nəsil kassa aparatlarından istifadə etmək olmaz. Bunu etdiyinə görə Vergi Məcəlləsində sanksiyalar da nəzərdə tutulur. Belə ki, müvafiq qaydaların pozulması il ərzində birinci dəfə olduğu halda 1000,  ikinci dəfə təkrarlandığı halda 3000, daha çox təkararlandığı halda sahibkar üçün 6000 manat sanksiyanın tətbiq edilməsi nəzərdə tutulur. Düşünürəm ki, əgər proqramın icrası, təminat-təchizatla bağlı hər hansı bir problem yoxdursa, bu zaman artıq aidiyyati qurumlar da istehlakçıların hüquqlarının pozulması hallarının yaratdığı halları nəzərə almaqla qeyd edilən istiqamətdə nəzarəti gücləndirməli və köhnə nəzarət kassa aparatlarından istifadə edən sahibkarlıq subyektləri bu sanksiyaların da təsirilə ən qısa zamanda bundan imtina etməlidirlər. Bu qanunvericiliyin bir tələbidir”.