Endirim kampaniyaları marketoloqların istehlakçıları aldatmaq üçün bir hiyləsidir. Alıcılar birdəfəlik bilməlidir ki, endirim kampaniyalarının əsas məqsədi malı alıcılara sırımaqdır.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, mağazanın qapısında, girişində yazılmış endirim çağırışları istehlakçını qapıdan içəri salmaq üçündür:
“Əksər marketlərdə endirimli məhsulların yanına bilərəkdən endirimə düşməyən məhsullar yerləşdirilir. Bu alıcını aldatmaq üçün adilmiş hiylədir. Alıcı endirimli məhsulun yanında olan məhsulun da endirimə düşdüyünü fikirləşərək kassaya yaxınlaşır və ödəmə vaxtı məlum olur ki, bu məhsul endirimə düşməyib. Bu kimi hallarda istehlakçı çox vaxt utandığından məhsulu geri qaytarmır. Bu hal günlərdə davam edir və yüzlərlə, minlərlə alıcı endirim adıyla aldadılır”.
Ekspert bildirib ki, endirim marketlərdə xüsusilə pis şəraitdə saxlanılmış, lakin yararlılıq müddəti keçməyən mallara tətbiq olunur:
“Bu zaman zədələniş, buzu açılmış, normal temperaturda saxlanılmayan məhsullar satılır əsasən. O məhsulların istehsal tarixi keçməyə bilər. Ancaq düzgün şəraitdə saxlanılmayıbsa, o artıq zərərli ola bilər.
Marketlərin əksəriyyəti elektrik enerjisinə qənaət üçün xüsusilə gecələr anbarlarda soyuducuların soyutma rejiminin temperaturunu yuxarı temperaturda qoyurlar. Belə hallarda da mallar xarab olur. O zaman da həmin mallar endirim adı ilə satışa çıxarılır.
Müştərilər birdəfəlik bilməlidir ki, endirim kampaniyalarının əsas məqsədi malı alıcılara sırımaqdır. Mümkün qədər endirimlərdən istifadə etməyin, endirim malları almayın”.
Gülşən Rəsul