Uşaqların qidalanmasında süd məhsulları uzun illər vacib hesab olunub. Lakin bəzi qida mütəxəssisləri xəbərdarlıq edir ki, bəzi hallarda uşaqlara süd və süd məhsullarının verilməsi düzgün olmaya bilər. Onlar hesab edirlər ki, laktoza intoleransı, bəzi allergiyalar və həzm problemləri bu məhsulların hər yaşda istifadəsini riskli edə bilər.
Siz bu barədə nə düşünürsünüz? Süd uşaq üçün faydalı deyilmi? Ümumiyyətlə market yoxsa təbii südə üstünlük verilməlidir?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən “Refresh Group” MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov bildirib ki, süd uşaqlar üçün ümumilikdə faydalıdır, lakin laktoza dözümsüzlüyü, allergiya və həzm problemləri olan uşaqlarda ehtiyatla yanaşılmalıdır.
S. Qafarovun sözlərinə görə, təbii süd, düzgün saxlanma və gigiyena şərtləri ilə təmin olunarsa, sənaye südünə nisbətən daha üstün ola bilər.
Mütəxəssis həmçinin südün faydalarını Qeyd edib:
“Süd məhsullarının uşaqlar üçün faydaları
– Zülal, kalsium, B2 və B12 vitaminləri ilə zəngin olan süd sümük və dişlərin inkişafında, hüceyrə funksiyalarında və böyümədə mühüm rol oynayır.
– Probiotik süd məhsulları (qatıq, kefir) bağırsaq florasını dəstəkləyir, immun sistemini gücləndirir və həzm balansını qoruyur.
– Ana südü ilə müqayisədə heyvan südü tam dəyərli olmasa da, kalsium və omeqa yağ turşuları baxımından vacib qida mənbəyidir”.
S. Qafarov həmçinin risklərdən də söz açıb:
“Riskli hallar və ehtiyat tədbirləri
– Laktoza intoleransı olan uşaqlarda süd şəkəri həzm olunmur, bu da qarın ağrısı, qaz, ishal və şişkinlik yarada bilər.
– Kasein allergiyası bəzi uşaqlarda dəri reaksiyaları, nəfəs alma çətinliyi və həzm pozğunluqları ilə müşayiət oluna bilər.
– Autizmli uşaqlarda süd məhsullarının tərkibindəki kimyəvi çirkləndiricilər (antibiotik, hormon, pestisid) iltihab və immun reaksiyalara səbəb ola bilər.
– Süni əlavələr və doymuş yağlar sənaye süd məhsullarında ürək-damar risklərini artıra bilər”.
Mütəxəssis sonda vurğulayıb ki, əgər uşaqda laktoza dözümsüzlüyü və ya allergiya yoxdursa, süd məhsulları onun inkişafı üçün faydalı ola bilər. Lakin hər bir uşağın fərdi ehtiyacları və sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. Təbii süd yalnız gigiyenik və təhlükəsiz şəraitdə əldə olunursa, üstünlük təşkil edə bilər, əks halda pasterizə olunmuş sənaye südü daha etibarlı seçimdir”.
Dəniz Pənahova