“The Washington Post” qəzetinin yazarı Enn Epplbaum bu yaxınlarda ABŞ-da casusluq ittihamı ilə həbs edilən Mariya Butina və 1927-1943-cü illərdə “World Tourists” adlı turizm agentliyi adı altında ABŞ-da fəaliyyət göstərən sovet casusu Yakov Qolos arasında paralellik aparıb.
“Mariya Butina Qolosdan fərqli olaraq şirkətə rəhbərik etməyib. Lakin o, silah daşımaq azadlığını təbliğ edən bir təşkilatın lideri kimi ortaya çıxıb. Bu təşkilat Qolosun şirkətindən daha uydurma xarakter daşıyıb. Hər kəs bilir ki, Rusiyada silah daşımaq azadlığı yoxdur və ola da bilməz. Lakin məhkəmə sənədlərindən belə çıxır ki, Butina ABŞ-ın ən böyük lobbi təşkilatlarından sayılan Mili Atıcılıq Assosiasiyasının bir çox nüfuzlu üzvünü avam yerinə qoyub, özünü əsl fəal kimi göstərə bilib. Beləliklə, Butina bununla ABŞ-ın siyasi elitasına çıxış əldə edib”, – müəllif yazır.
Epplbaum Qolos və Butina arasında bənzərliyə diqqət çəkir: hər iksi Kremlə yaxın siyasi hərəkatlara (Qolosda Kommunist partiyası, Butinada Respublikaçılar parityasının bir qanadı) kömək edib, ikisi də Kremldən maliyyələşiblər (birinci halda Kommunst internasionalı vasitəsilə, ikincidə rus oliqarxlarının pulları ilə).
Eplbaumun fikrincə, hər iki agent beynəlxalq səviyyədə daha iri əməliyyatın tərkib hissəsi olublar. Qolos beynəlxalq kommunist inqilabının oyunçusu kimi, Butina isə Rusiyanın Qərbdəki sağ radikal cəbhəsində qlobal maraqlarını təmsil edən casus olaraq fəaliyyət göstərib.
Yazıda İtaliyada guya mədəniyyət qurumu olan “Lombardiya-Rossiya” adlı qaranlıq assosiyasiyanın və onun lideri Canluka Savoinin də eyni funksiyanı yerinə yetirdiyi vurğulanır. Bundan başqa, Avropa parlamentinin Macarıstandan olan üzvü Bela Kovaç da Rusiyanın xeyrinə casusluqda ittiham olunur.
“Butina bu kimi başqa şəxslərlə birlikdə proletar inqilabı olmasa da, onun kimi uzunmüddətli bir layihənin tərkib hissəsi kimi iştirak edirlər. Əslində isə Kreml Qərbdə kleptokratik dövlət çevrilişini həyata keçirərək Qərb demokratiyasını məhv etmək, Avropa Birlyini və NATO-nu dağıtmaq, beynəlxalq ticarətdə qanunun aliliyini deyil, korrupsiya münasibətlərini önə çıxarmaq məqsədi daşıyır”, – müəllif yazır.
Epplbaumun fikrincə, bu cür hücumun qarşısını almaq üçün maliyyə və siyasi sistemi şəffaflaşdırmaq, rus oliqarxlarının xaricdə pulları yumaq üçün yaradılan saxta firmaların fəaliyyətini qadağan edən qanunlar çıxarmaq lazımdır.
“Kommunist avtoritarizminin cazibədarlıqlarına qalib gəlmək, amerikalıların bütöv bir nəslinin həyatını apardı. İndi kleptokratik avtoritarizm üzərində zəfər qazanmaq da bir ömür vaxt tələb edəcək. Əgər bunu gücümüz çatarsa…”, – Epplbaum sonda qeyd edir.
Musavat.com

