Maral Tahirqızı həbsxana həyatından danışır – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ən sərt cəzanı vermişdilər”
 

Müğənni Maral Tahirqızı “Ölkə.Az”-ın suallarını cavablandırıb. Qeyd edək ki, sənətçi 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

– Maral xanım, nə vaxtdan azadlığa buraxılmısınız?

– Bu ayın 9-da, axşam 7-8 radələrində oranı tərk etmişəm. İki il, beş ay, iyirmi səkkiz gün həbsxanada oldum.

– Amma sizin cəza müddətiniz üç il idi.

– Bəli, ən sərt cəzanı vermişdilər.

– Yəqin ki, nümunəvi davranmısınız…

– Mən kobud hərəkətləri sevmirəm. Orada da heç kimlə narazılığım olmayıb. Ancaq gözəl xanımlarla yanaşı, özlərini kobud aparanlar da var idi.

– Bu müddət sizə dərs oldumu? Hansı nəticələri çıxardınız?

– Mən həbsxanadan dərs ala bilmərəm. Cinayətkardan nə dərs almalıyam? Cinayətkar aləmdən həmişə qaçmışam. Orada elə cinayət törətmiş insanlar var ki. Sadəcə, dözülməzdir. Elələri də var ki kiminsə ucbatından ora düşmüşdü.

– Əslində niyə həbsə düşdüyünüzü bilirsiniz? Qadın alveriylə məşğul olduğunuz bildirilirdi.

– Esmira Vəliyeva adlı bir qadın vardı, gözəllik salonunda işləyirdi. Dedi ki, qaş alıram. Bir dəfə də estetik klinikada rastlaşmışıq. Yaşadığım ünvanı soruşdu, dedim. Bildirdi ki, nə vaxt istəsən, gəlib üzünü, qaşını alaram. Sonra da bir neçə dəfə zəng vurdu. Deyirdim ki, Azərbaycanda yoxam, evdə deyiləm. Saat 12-dən 5-ə qədər fotosessiyada olmuşam. Gəlmişəm ki beş saatdır liftin qarşısında gözləyir. Dedi ki, gəldim çay içək, söhbət edək. Gördüm arxasınca da bir qadın gəldi. Qadının kim olduğunu Esmiradan soruşanda bildirdi ki, qonşumdur, qadın həkiminə gəlib. Esmiranın təxminən əlli, qadının qırx yaşı olar. Mətbəxə keçdik. Üç-dörd dəqiqədən sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları içəri girdilər. Dedim ki, bu qadınları tanımıram. Sonuncu məhkəmədə də qərar çıxarılıb ki, mən Vəliyevanı tanımıram.

– Həbsxanada sizi tanıdılarmı?

– Çoxdan həbsdə olanlar tanımadılar, ancaq yeni həbsə düşənlər tanıyırdılar.

– Sizə qarşı münasibət necə idi?

– Pis deyildi. Məni sevənlər, cinayətkar xarakterli insanlar da vardı.

– Boş vaxtınızda nə işlə məşğul olurdunuz?

– Demək olar ki, heç nə ilə məşğul olmamışam. Qəzetlər oxuyurduq, arabir filmlərə baxırdım. Amma xəbərlərin bir buraxılışını da buraxmırdım.

– Toy qiymətinizdə dəyişiklik olacaq?

– Hər kəsin maddi durumu fərqlidir. Ayağımı dirəyib deyə bilmərəm ki, filan məbləği verməlisən.

– Sənətçilərdən yanınıza gələnlər olurdu?

– Heç bir həmkarım yanıma gəlməyib. Ancaq böyük bacım ayda iki-üç dəfə gəlirdi.

– Həbsdən çıxandan nə işlə məşğulsunuz?

– Bildiyiniz kimi Məhərrəm ayıdır. Bu ayda Allah qapıları üzümə açdı, çıxdım. Fəaliyyətimi davam etdirəcəyəm. Hələlik toylar da yoxdur. Həbsxanadakılar deyirdilər ki, biz çıxanda səni mütləq toylarımıza çağıracağıq.

– Rəfiqəniz vardı?
– Bəli, yaxşı münasibətim olan qadınlar vardı.

– Bildiyimə görə, həbsxanada əksəriyyətin ləqəbi, təxəllüsü olur…

– Mənə heç bir ləqəb qoymayıblar. Elə Maral Tahirqızı kimi tanıyırdılar.

– Ailə həyatı qurmaq barədə düşünürsünüz?

– Həbsdən yeni çıxmışam, elə şeylər haqda düşünmürəm. Hələ də mənə yuxu kimi gəlir ki, doğrudanmı həbsxanada olmuşam? Çünki həbsxana mənim aləmim deyil. İnsan hər yaşında ailə qura bilər. Zövqümcə insan olsa, ailə qurmaqdan imtina etmərəm.

– Zövqünüzcə deyərkən?

– Birincisi, alicənab, şəxsiyyətli olmalıdır, davranışını bilməlidir, mədəniyyəti yüksək olmalıdır. Yəqin ki, bir az da görünüşü olmalıdır (gülür).

– Bəs maddi durumu?

– Maddi durumu da gözəl olmalıdır ki, yaşaya biləsən (gülür).

– Bəs müğənni olsa?

– O haqda düşünməmişəm. Peşəsindən asılı olmayaraq, insanın daxili aləmi, mənəviyyatı zəngin olmalıdır.

– Səsiniz yerindədirmi?

– Elə bil ki, səsim daha gözəlləşib, zənginləşib, gurlaşıb. Bəlkə də az oxuyurdum, enerji yığılıb.

– Həbsxana rejimi necədir?

– Saat 11-dən sonra adamlar sayılırdı. Saat 11-dən sonra çölə çıxmaq olmaz. Həyətə də xalatla çıxmaq lazımdır. Səhər 7-də zəng vurulurdu. On beş dəqiqədən sonra yoxlama olurdu. 240 nəfərlik masada yemək yeyirdik.

– Gündəlik hansı iş bölgüləri olurdu?

– Sözün düzü, mən o işləri görmürdüm.

– Niyə?

– Yanına gəlməyəni olanlara hörmət edirsən, sənin əvəzinə işləyir. Təxminən iki aydan bir altmış nəfərlik otağı yığışdırmaq növbəm olurdu. Onda da yanına gələni olmayanlardan birinə hörmət edirdim, əvəzimə təmizləyirdi.

– Həbsxanadan çıxanda sizi kim qarşıladı?

– Ancaq bacım bilirdi. O da gəlmişdi.

– Hazırda maddi ehtiyaclarınızı kim qarşılayır?

– Bankda pulum var idi. Səhəri gün gedib pulumu çıxartdım. Amma elə bil hər şey sıfırdan başlayır. Əlimi nəyə vururamsa, sınıqdır (gülür).