Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın qəfil ölümü ilə bağlı yeni xəbərlər kokain istifadəsi ilə bağlı fəsadlara işarə edir.
Tribunainfo.az “Sözçü” nəşrinə istinadən xəbər verir ki, dünya Kubokunun qalibi və futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni tibbi hesabatlar onun ölümünün kokain istifadəsi ilə bağlı ola biləcəyini göstərir.
Maradonanın ölümünə səbəb olan qəfil infarktın səbəbi “zəhərli maddə” ola bilər. Uzun müddətdir kokain aludəçisi olan Maradona ölümündən iki həftə əvvəl beyin əməliyyatı keçirib.
Maradonanın ölümündən sonra səkkiz həkim və tibb bacısı xəstəyə qulluqda səhlənkarlıq iddiası ilə məhkəməyə verilib.
İttihamlara görə, Maradonanın səhhəti pisləşdiyindən həkimlər və tibb bacıları onu saatlarla ağrılı vəziyyətdə qoyublar. Bu səkkiz tibb işçisi, o cümlədən psixiatr Aqustina Cosachov günahı sübuta yetirilərsə, 25 ilə qədər həbs cəzası ala bilər.