Dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Kamran İsmayılov ifadə verib.
O bildirib ki, “Azərsun” holdinqdə çalışır: “Evim var idi. Pulunun bir hissəsini ödəmişdim. Evi satdım. Qalan borcumu bağladım. Qalan pulu da Eldarla məsləhətləşdikdən sonra dollara çevirməyə qərar verdim. Həmin ərəfədə dollar bahalaşırdı. 100 min verdim. 25 mini qaytardı. Məqsəd daha sonra dolları baha qiymətə satıb qazanc əldə etmək idi. Pulun bir hissəsini də mən istədiyim üçün qaytarıb. Lazım idi deyə aldım”.
Prokuror zərərçəkmişə pulu sələmə verib-verməməsi ilə bağlı sual verib. Çünki təqsirləndirilən şəxs zərərçəkmişlərdən pulu borc olaraq və ya sələmə götürdüyünü deyib.
Zərərçəkən isə pulu sələmə vermədiyini deyib.
Başqa zərərçəkmiş Elmir Allahverdiyev isə deyib ki, Eldar Salmasiyə əvvəlcə 93 min manat, sonra da 207 min manat verib. “Eldarı tanıdığım günə daş düşərdi. Bankdan tanımışam. Özüm tikinti şirkətində icraçı direktor işləyirəm. Cəmi 300 min vermişəm. Məqsəd pulu dollara çevirmək olub. Pulumu qaytarmayıb”.
Məhkəmə prosesi sentyabrın 15-də davam edəcək
Qeyd edək ki, Eldar Salmasi özünü təqsirli bilmir. O, həmin pulları borc adı ilə aldığını söyləyib.
İttiham aktına əsasən, E.Salmasi “Zaminbank” ASC-də xəzinədar vəzifəsində işləyib. O, vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib. E.Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.
Vətəndaşlara dəymiş zərər ümumilikdə 1 milyon manata yaxındır.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.