Spirtli içkilərin istehsalı ilə məşğul olan “A+CO” şirkəti ilə bağlı cərimə protokolu tərtib edilə bilər.
Tribunainfo.az xəbər verir ki, sözügedən MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“A+CO” ASC ilə bağlı iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 4 oktyabr tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.
ASC-yə qarşı açılmış maddəylə bağlı Tribunainfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması kimi qəbul edilir:
“Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Ölkədən elə-belə pul çıxarmaq olmaz, gərək nə isə alasan. Bunun üçün verilən müddət də iki ildir”.
Yeri gəlmişkən xatırladaq ki, 1997-ci ildən nar şirəsi xammalının istehsalı və satışı ilə fəaliyyətə başlayan “A+CO” şirkəti 2006-cı ildən spirtli içkilərin, 2016-cı ildən viski məhsullarının istehsalı ilə məşğuldur. “Yakor”, “Mamedoff”, “Lumber Jack”, “Full”, “Rio”, “Full ice Tea” içkilərinin istehsalı ilə məşğuldur. Şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar İxtiyarqızı