Ölkəmizdə “makler evləri” geniş yayılıb. Bir çox vətəndaş artıq ev alanda soruşur ki, “Makler” tikən evdir?” Amma bəzi insanlar, (tikintidən başı çıxan) evə baxan kimi bunu bilir. Anlayışı olmayan insanlar üçün nə tövsiyyələr edərdiniz? Vətəndaşlar ev alarkən nələrə diqqət etsinlər?” “Makler evi”ni anlamaq üçün hansı detalları gözdən qaçırmasınlar?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, makler evləri bir neçə kateqoriyaya bölünür. Əsas kateqoriyalar isə sənədi olan və olmayan evlərdir.
E. Azadovun sözlərinə görə, sənədi olmayan və necə gəldi, harada gəldi inşa edilən evlər sözsüz ki, risklidir. Birincisi onların ərsəyə gəlməsi qanuna ziddir. İkincisi isə onların alqı-satqı edilməsi də qanuna ziddir.
Elnur Azadov vətəndaşlara xəbərdarlıq edərək deyib:
“Vətəndaşlar başa düşməlidir ki, burada risklərlə üzləşə bilərlər. Əsas risk odur ki, gələcəkdə bu kimi evlərin çoxu amnistiyaya düşə bilməz. Vətəndaşlar həmin evləri alarkən, qeydiyyata da düşə bilmirlər. Gələcəkdə, hətta sökülməsi riski də var. Son vaxtlar Nərimanovda və şəhərin başqa ərazilərində də bu kimi hallarla üzləşdik. Vətəndaşlar əraziyə fikir verməlidirlər. Qonum-qonşudan ərazi barədə soruşmalıdırlar. Bataqlıq, qurunt sularının qalxması, su, elektrik, qaz təchizatı, kommunikasiya barədə soraqlamalıdırlar. Tikinti üzrə mütəxəssislər gətirməlidirlər. Evin tikintisinə və quruluşuna fikir verməlidirlər. Adətən təkdaşla tikilir həmin evlər. Bu kimi evlərdə qüsur çox olur. Artıq individual şəkildə evə baxış keçirdikdən sonra bunu bilmək olar.
Ekspert qeyd edir ki, qanunla qadağan edilmiş evlərin tikintisi yolverilməzdir. Bu evlər nə vaxtsa söküləcək.
Ekspert qanunsuz evlərlə bağlı vurğulayıb ki, həmin evlər ölkədə bahalaşmaya da səbəb olur.
“Əvvəllər buna üstünlük verənlər olduqca az idi. İndi daşınmaz əmlak daha da əlçatandır. Qiymət bahalaşandan sonra sözsüz ki, bəzi vətəndaşlar məcburdurlar ki, bu kimi” makler evləri”nə əl atsınlar. Baxmayaraq ki, keçən ilin oktyabrından qanunla icazə verilməyən, sənədləri düzgün olmayan sahələrə kommunikasiya xətlərinin çəkilməsinə məhdudiyyət qoyulub. Amma bundan sui-istifadə edənlər var. Bu, ən çox Bakı şəhərinin ətrafında olan problemdir.
Dəniz Pənahova