Bakı Apellyasiya Məhkəməsində toy məclisində qohumunu mahnı sifarişinə görə bıçaqlamaqda təqsirləndirilən Əmrah Alışovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Alışov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2023-cü ilin mayında paytaxtın Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əmrah Alışov içkinin təsiri altında toy məclisində aralarında yaranmış mübahisə zamanı qohumu 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.
Hadisənin mahnı sifarişi üstündə baş verdiyi məlum olub.
Daha sonra Ə.Alışov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.