İğtişaşlara görə bağlanan Mahaçqala aeroportu oktyabrın 31-də yenidən fəaliyyətə başlayacaq.
Bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.
“Mahaçqala aeroportunun təyyarələri qəbul etməsinə qoyulan qadağa 31 oktyabr 02:59-dək davam edəcək. Bir daha qeyd edirik ki, aeroportun işə başlaması yalnız hüquq-mühafizə orqanları tərəfindən aerovağzal, aerodrom və atraf ərazilərin dəqiq yoxlanılmasından sonra mümkün olacaq”, – qurumun məlumatında deyilir.
***
Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
İzdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.
Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.
Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.
Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.