Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib.
Nikolas Maduro bazar ertəsi Karakasın mərkəzində keçirilən mitinqdə onun həyatına cəhdin qarşısının alındığını deyib.
Venesuela lideri 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi seçici siyahılarına daxil edildikdən sonra Dieqo İbarra meydanında mitinqdə çıxış edib: “Bu gün burada iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı”. Onun sözlərinə görə, saxlanılanlar ifrat sağçı Vente Venesuela partiyasına mənsub olduqlarını etiraf ediblər.
O, sui-qəsdə cəhd edənlərin prezident tərəfdarlarının mitinqindən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.
Karakas hökumətinin başçısı Naum Fernandes daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.