Macarıstan Avropa İttifaqı ölkələrinin Belarusdakı prezident “seçkilərini” tanımamaqla bağlı birgə bəyanatıyla razılaşmayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” Brüsseldəki məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Aİ Belarusdakı seçkiləri tanımamaq barədə birgə bəyanat yaymağı planlaşdırırdı. Həmin seçkilərdə Lukaşenkonun 87%-ə yaxın səs “qazandığı” elan edilib. Mətndə Belarusda görünməmiş repressiyalar və medianın fəaliyyətinin məhdudlaşdırılması şəraitində keçirilən prezident seçkilərinin azad, ədalətli və legitim hesab oluna bilməyəcəyi qeyd olunurdu.
“Azadlıq Radiosu”nun Belarus xidməti əvvəlcə bəyanat layihəsini Macarıstan və Slovakiyanın dəstəkləmədiyini bildirmişdi.
Nəticədə Bratislava bəyanatı dəstəkləyib, lakin Macarıstan 27 Aİ üzv ölkəsindən yeganə ölkə olaraq onu imzalamaqdan imtina edib. Buna görə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos öz bəyanatlarını yayımlamağa məcbur olublar. Həmin bəyanatda Belarus prezidentinin “seçkilərinin” qeyri-real və qeyri-legitim olduğu bildirilir.
Lukaşenko isə Qərbin prezident “seçkilərini” tanıyıb-tanımamasına “önəm vermədiyini” açıqlayıb.