“Maaş ala bilmirik, idmançılar moykada işləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan Hacı Əliyev və Rəsul Çunayev federasiya rəhbərinə iradlarını bildiriblər.


 
Sərbəst güləş və Yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlaşan Hacı Əliyev və Rəsul Çunayev federasiya rəhbərinə iradlarını bildiriblər. 

BAKU.WS-ə danışan idmançılar bildiriblər ki, uzun müddətdir federasiya idmançılara maaş vermir. Onlar qeyd ediblər ki, yarışlara hazırlaşa bilmirlər. Belə ki, zalda məşqçilər və massajistlər işə çıxmırlar.

Dünya və Avropa çempionu Rəsul Çunayev: “Əvvəl şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik. İndi isə zalda içməyə su belə verilmir. Məşqçilər, işçilər hamısı çıxıb gedib. Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Ancaq indiki problemlərə görə çıxılmaz vəziyyətdə qalmışıq. 3 həftədən sonra dünya çempionatına getməliyik. Uşaqların yarıdan çoxu zədəlidir. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər. Etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum”.

Dünya və Avropa çempionu Hacı Əliyev bildirib ki, maaş ala bilməyən idmançılar moykada işləyir:

“Bu gün bura çıxmağa məcbur qaldıq. Aramızda maaş ala bilmədiyi üçün moykada işə düzələn idmançılar var. Burada toplaşanların 90%-i  kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Günahkar birbaşa Federasiyadır. Olimpiadada qazandığımız mükafatları da almamışıq. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Bu şəkildə yarışa getməkdənsə, getməmək yaxşıdır”.

Hacı Əliyev bildirib ki, digər Federasiyalarda maaş problemi yoxdur. O, digər ölkədən təklif gəlməsi iddialarında da danışıb: “Toğrul Əsgərovun Türkmənistan yığmasına keçməsi yalandır. Məncə namuslu və qeyrətli azərbaycanlı idmançı digər bayraq altında çıxış etməz”.

 

Etiraz aksiyasında yığmanın legioner idmançıları gözə dəyməyib. Onlar etiraz aksiyasına yol pulu tapmadığı üçün gələ bilmədikləri deyilir.