Rusiyanın Ukraynadakı hərbi əməliyyatları 498 gündür ki, davam edir.
Tribunainfo.az xəbər verir ki, Lvov şəhərinin meri Andrey Sadovı Rusiya silahlı qüvvələrinin gecə saatlarında aviazərbələri zamanı yaşayış binalarından birinə raketin düşdüyünü açıqlayıb.
Səhər saatlarında verilən məlumata görə, 4 nəfər ölüb, 9 nəfər yaralanıb. 50-dən çox mənzilə və 50-yə yaxın avtomobilə ziyan dəyib. Mer bildirib ki, bu, hərbi əməliyyatlar başlayandan bəri Lvova edilən ən böyük hücumlardan biridir. Şəhər hakimiyyəti həmçinin raket hücumu nəticəsində mühüm infrastruktur obyektlərinin zədələndiyini bildirib.
Rusiya tərəfi də Ukraynanın zərbələri barədə məlumat verib. Donetsk hakimiyyətinin məlumatına görə, Ukrayna silahlı qüvvələrinin endirdiyi zərbələr nəticəsində Donetskdə 8 nəfər yaralanıb.
Ukrayna silahlı qüvvələri son bir gün ərzində Donetskdə bir sıra yaşayış məntəqələri istiqamətində 110 ədəd müxtəlif döyüş sursatını atəşə tutaraq, həm yaşayış binalarına, həm də mülki infrastruktur obyektlərinə ziyan vurub.
Luqansk Xalq Respublikası da bildirib ki, Kiyev Krasnı Liman istiqamətində intensiv atəşlər aparır.