Sentyabrın 6-da dünyanın ən nəhəng alimlərindən hesab edilən Lütfi Zadə 96 yaşında dünyasını dəyişdi.
Sentyabrın 6-da dünyanın ən nəhəng alimlərindən hesab edilən Lütfi Zadə 96 yaşında dünyasını dəyişdi. 1921-ci ildə Bakıda anadan olan və 12 yaşına qədər burada yaşayan alim vəsiyyətində də doğma şəhərində dəfn olunmasını istəyib. Zadənin böyük alim olması heç zaman sual altında olmayıb. Bunu bütün dünya qəbul edib və bundan sonra da qəbul edəcək. Lakin ona hər zaman iki məsələ ilə bağlı tez-tez sual veriblər: hansı ölkəyə aid olması və dini dünyagörüşü…
Vəsiyyətində hansı ölkəyə aid olmasını qəti və konkret şəkildə əks etdirdi. Dini dünyagörüşünə gəlincə isə Lütfi Zadə əksər elm xadimləri kimi heç zaman dinə meyl etməyib. Amma bəzi alimlər kimi də dinə hədyanla yanaşmayıb. Alimin elmi irsinin varisi və əsas davamçısı olan həmyerlimiz professor Rafiq Əliyev də onun ən çox işlətdiyi ifadələrdən birinin “inşallah” olduğunu deyib.
Modern.az təqdim edəcəyi yazıda Zadənin din haqqında düşüncələrinə güzgü tutacaq. Qeyd edək ki, bu fikirlər bir zamanlar dövlət televiziyasının dahi alim haqqında hazırladığı sənədli filmdəndir. Lütfi Zadə hələ 1990-cı illərin əvvəllərində din haqqında bu cür düşünürdü:
“Sovet məktəbində təhsil alarkən dindar olmaq ağlasığmaz bir şeydi. Ancaq Amerika kollecində oxuyarkən, mən İslam dini ilə tanış oldum. Hətta hər gün biz namaz qılırdıq. Amma mənim İslam dini barədə o qədər də böyük təəssüratım yoxdu. Ona görə ki, o vaxtlar İranda İslam indiki qədər güclü deyildi.
Beləliklə, dediyim kimi din həyatımda o qədər də böyük yer tutmayıb. Amma mən onun dəyərlərinə böyük hörmətlə yanaşmışam. Amerikaya gələndə kilsə ətrafında toplaşmış bir neçə qrup üzvləri ilə tanış oldum.Yaxşı adamlar idilər. Bütün bunlara baxmayaraq, mən özümü dindar adlandıra bilmərəm. Atam da, anam da, arvadım da dindar olmayıblar. Buna baxmayaraq, dinə etiqad edənlərə hörmətimi hər zaman qoruyub saxlamışam”.