“LUKOİL” yanacaqdoldurma məntəqələrində müştərilərin aldadılması ilə bağlı zaman-zaman çoxsaylı iddialar səslənir. Daha bir belə fakt bu gün sosial şəbəkələrdə yayılıb. Finans.az xəbər verir ki, aldadıldığını sosial şəbəkə istifadəçisi Çingiz Özgür (Əliyev) ictimailəşdirib.
Çingiz Özgür yazır ki, hadisə Mikayıl Əliyev küçəsindəki “LUKOİL” yanacaqdoldurma məntəqəsində baş verib. O, fevralın 8-i saat 16:15-də dizel yanacağı almaq üçün məntəqəyə gəlib. Çingiz Özgür hadisəni belə nəql edir: “50 manat verib dedim ki, 20 manatlıq dizel vurun. 45 manat qaytardı. Deyirəm, bu nədi? Deyir elə bildim 5 deyirsən. Əlqərəz… 15 manat da alıb yanacağı vurur. Maşını işə salıram, çəndə yanacağa baxıram: 35 litr!!!”.
Müştəri operatora xatırladıb ki, o, 20 manat müqabilində çənə 33 litr 333 qram dizel yanacağı vurmalı idi: “Deyirəm mən bura 2 litr yanacaqla gəlmişəm? Çəndə 2 litr yanacaq qalsa, səncə, işləyər maşın? Deyir ki, maşını ver arxaya, təzədən 5 manatlıq dizel vurum. Bayaq 1-ci sürətlə vurmuşam, yəqin getməyib”.
Çingiz Özgür daha sonra yazır ki, avtomobillərin əksəriyyətində litrlə göstərici olmadığını nəzərə alsaq, sürücülər yanacaqdoldurma məntəqələrində aldadıldıqlarının fərqinə varmır, yaxud bunu sübut edə bilmir. O, müvafiq qurumları yanacaqdoldurma məntəqələrindəki fırıldaqlıqlarla bağlı araşdırma aparmağa çağırıb: “Tək LUKOİL deyil, bir çox YDM-lərdə insanlar aldadılır. Hər gün, hər saat, hər dəqiqə! Buna bir əncam qılın!!!”.