İçəridə olarkən ona biət edən, müttəfiqi olanlar da artıq yanına axışır
Quli İstanbuldadır. İçəridə olarkən ona biət edən, müttəfiqi olanlar da artıq yanına axışır.
Lent.az-ın məlumatına görə, bu sırada ən azı Rafət Əlibayramlinski və hazırda Avstriyada yaşayan Saşa Kuşneri göstərmək olar. Telefonla təbrik zəngləri isə ara vermir. Keçmiş SSRİ-nin hər yerindən, Avropadan, Amerikadan gələn zənglərdə 45 yaşlı qanuni oğruya təbriklər çatdırılır.
Əslində, tərəfdarları Qulinin azad ediləcəyini hələ avqust ayından gözləyirdilər. Məhz avqustdan başlayaraq, onlar günləri saymağa başladılar. Düzdür, bu barədə Quliyə yaxın olduqca sıx dairə məlumatlıydı. Məsələn, qardaşı Namiq Bakinski. Amma oktyabrın 24-də Qaradağ məhkəməsindən yayılan xəbər açıq səmada şimşək effekti verdi.
Nəinki Azərbaycan mediası, Rusiya KİV-i belə, bu hadisəyə geniş yer ayırdı.
Quli çaplı və özü də uzun müddət həbsdə olan şəxslərin azad edilməsi oğru aləmində sevinclə qarşılanır. “Yaponçik” azad ediləndə də belə olmuşdu, “Şakro Molodoy” İspaniya türməsini tərk edəndə də. Amma bir məsələ var: “Yaponççik” nə qədər populyar və klassik oğru olsa da, geniş maddi imkanları yox idi, “Şakro”da isə hər ikisi vardı, amma bəxtsiz idi, azadlığa çıxıb Moskvaya yerləşib, xaç atası “Ded Xasan”ın yerini tutmamış… yenidən həbs edildi.
Bu gün Qulidə bunların hamısından var. Və onlarla müqayisədə bir üstünlüyə də malikdir. Cavandır: vur-tut 45 yaş.
Həbsxana təcrübəsinə və yaşadığı oğru həyatına görə, Quli yeni tir avtoritetlərdəndir. Onun hansısa briqadası yox, az qala transmilli korporasiyası var. Bir ucu Türkiyədən tutmuş, Rusiyanın Uzaq Şərqinədək. Rusiyada Rövşənin ölümündən sonra müxtəlif milli mütəşəkkil cinayətkar dəstələr tərəfindən diskriminasiyaya məruz qalan azərbaycanlılar üçün Qulinin azadlığa çıxması göydəndüşmə oldu. Artıq azərbaycanlı kriminalitet, sözsüz, Qulini böyük qardaş kimi qəbul edib, ona biət edəcək. Düzdür, Rövşən Lənkəranskinin tərəfdarları hələ də öz mövqelərini qoruyub saxlayıblar. Məsələn, onun yeznəsi Zaur Əhmədov hələ də Quliylə müharibə vəziyyətindədi.
Quli həbsdən çıxan gün – təsadüfdürmü? – Rusiyanın Sankt-Peterburq şəhərində Rövşən Lənkəranskinin dəstəsinin üzvləri olan Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılıblar. Həmin adamlar Lotu Qulinin yaxın ətrafına aid olan Elşən Məmmədovun qətlində günahkar bilinir.
Elşən Məmmədov – hansı ki, Quli həbsdən çıxan gün onun qəbrini ziyarət edib. Elşən Qulinin ən yaxın adamlarından biri olub. O, bu il sentyabrın 12-də Tiflisin mərkəzində “Toyota Land Cruiser” markalı avtomobilində güllələnib.
Saxlanılanlardan Emin Əhmədov isə Zaur Əhmədovun doğma qardaşıdır. Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsindən sonra onun “imreriya”sı faktiki olaraq, Zaur Əhmədov tərəfindən idarə edilir.
Zaur Əhmədov həm də “Lotu Quli”nin adamlarına edilən sui-qəsdlərin əsas təşkilatçısı sayılır.
***
Bu gün əksər azərbaycanlı qanuni oğrular Qulinin tərəfindədir. Xüsusi ilə Vaqif Bakinski. Hazırda Moskvada yaşayan Vaqif Rusiya paytaxtındakı əksər bazarlara nəzarət edir. Onun indiyədək Quliylə heç bir problemi olmayıb. Əksinə, tərəflər bir birinə hörmətlə yanaşıblar. Aldığımız məlumata görə, Vaqif Bakinski də hazırda İstanbuldadır. Tərəflərin görüşü və apardıqları söhbət böyük planda gələcəyə hesablanmış bir çox mətləblərə də aydınlıq gətirə bilər.
Təkcə Vaqif deyil, Qulinin klanına daxil ola biləcək xeyli nüfuzlu qanuni oğru var. Bu sıraya qardaşı Namiqdən başqa, Puxlıy, Kuşner, Nika, Qoça, Matsi, Merab Pipiya kimi oğruların adını çəkmək olar.
***
Və təbrik zənglərindən sonra Qulinin müharibəyə başlayacağını da proqnozlaşdırmaq çətin deyil. Hələ həbsdəykən Quli Rusiyanın əksər regionlarına öz desantını göndərmişdi.
Hələ bir il əvvəl Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar ona biət ediblər. O vaxt Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edirdi ki, Lotu Quli həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə (“Rövşən Lənkəranski”) məxsus yeri tutub. “Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər”, – nəşr iddia edirdi.
Nəşr “Lənkəranski”nin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında “Quli”nin müraciətinin yayıldığını xəbər verib. Sitat: “…Həmçinin Sizi ”Rövşən Lənkəranski” ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda sizinlə vidalaşmaq istəyirəm və sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı”.
Məktubda adı keçən Hacı və Rüfət isə “Lənkəranski”nin yaxın adamlarıdır. Söhbət “Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlıdan və “Rüfət Gəncinski” kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. “Hacı Beyləqanski” isə azadlıqdadır…
Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər – “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun “smotryayuşi”si “Ded Xasan”ın qohumu Timur Mirzoyev idi.
Amma söhbət təkcə Yekaterinburqdan getmir axı? Təkcə Moskvada dağıstanlı və çeçen kriminal klanından bezən azərbaycanlıların işlədiyi onlarla bazar var ki, bu gün Quliyə xilaskar kimi baxırlar. Qulinin belə tezliklə azadlığa çıxacağını gözləməyən etnik klanlar da şokdadırlar: çünki hər şeyi yenidən bölüşdürməyin vaxtı çatıb. Məsələn, Lənkəranskinin yaxın müttəfiqi Şeyx Həmzət belə Moskvadakı adamlarına xəbər göndərib ki, Quliylə savaşa çıxmağın mənası yoxdur. Bir sözlə, nə istəyirsə, verin.
Eləcə də o biriləri…
***
Quli isə hələ təbrikləri qəbul edir. İtaliyanın məşhur geyim brendi “Armani”dən olan köynəkdə. Yaxınlarının əhatəsində. Amma təbriklərin bitən vaxtı da olacaq. Bax, onda kimlər bitəcək… Bunu zaman göstərəcək.