backend

Los-Ancelesdə erməni təxribatının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Los-Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub. 

“Los-Anceles Səyahət və Macəra” adlı beynəlxalq turizm sərgisində Azərbaycan geniş təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan TİA.AZ-a verilən məlumatda deyilir ki, Baş Konsulluğunun qurduğu Azərbaycan stendində ölkənin turizm imkanları barədə müxtəlif bannerlər və Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilib. Sərgi iştirakçıları Azərbaycanın coğrafi mövqeyi, tarixi, dini dözümlülük ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə hərtərəfli məlumat əldə ediblər. Həmçinin, stenddə quraşdırılan monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib. Bundan başqa, Los-Ancelesdə yaşayan Azərbaycan diaspor fəallarının nümayiş etdirdikləri milli geyimlər sərgi ziyarətçilərində xüsusi maraq oyadıb.
Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Stenddə quraşdırılan və Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən “Qarabağ – Azərbaycanın Zinət Tacı” (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib.

Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, mətbəxi, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub.

Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça dərc olunaraq, sərgi iştirakçıları arasında paylanılıb. Kitabçada Qarabağın əzəli Azərbaycan torpağı olması barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.

Sərgidə Azərbaycanın geniş iştirakından, xüsusilə Qarabağın tarixi Azərbaycan torpağı kimi təbliğindən narahat olan Kaliforniyanın erməni lobbisinin nümayəndələri, müxtəlif təxribatçı və aqressiv hərəkətlərlə Azərbaycan stendinin işinə mane olmağa cəhd etsələr də, sərginin təhlükəsizlik xidmətinin və Los-Anceles polisinin işə qarışması nəticəsində öz məqsədlərinə nail ola bilməyiblər.

Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı sərgi ABŞ-da ən böyük turizm sərgisidir.