Balaca nərdivanın üstündəki orta yaşlı adam yüksək səslə İncil oxuyur və Həzrəti İsa haqqında insanları maarifləndirməyə çalışır. Qarşısından gəlib keçənlər ona baxdıqdan sonra “Qış Parkı”na (Winter Wonderland) doğru addımlayır. Adam isə dekabrın soyuğuna və heç kəsin ona qulaq asmamasına baxmayaraq, hələ də eyni qətiyyətlə nitqinə davam edir.
Ondan 15 addım aralıda başqa bir qrup “Brexit” haqqında müzakirə aparır. Bir tərəfdə isə turistlər gördükləri bu mənzərəni ölümsüzləşdirmək istərcəsinə kameralarından yapışıb danışanları, onların başına toplaşanları çəkirlər. “Brexit” müzakirəçilərinin yaxınlığındakı başqa bir adam “Quran”dan sitat gətirir.
Hyde Parkın “küncü” (Hyde Park Corner) adlanan bu yer hər istəyənin əlinə balaca bir nərdivan alıb istədiyi mövzuda müzakirə apara biləcəyi bir məkandır. Bu müzakirələri dinləyib dinləməmək isə yoldan keçənlərin insafına qalmış bir məsələdir.
Hər Yeni ilə doğru buranın yaxınlığında qurulan Qış Parkının insanların marağını daha çox cəlb etdiyini desək, yalan danışmış olmarıq. Mən də “İncil”dən sitat gətirən adamın yanından ayrılıb, hər il Yeni ildə on minlərlə insanın axınına uğrayan Londonun bu “künc”ündəki əyləncə yerinin girişinə doğru addımlayıram. 5-10 dəqiqə gözlədikdən sonra çantalar yoxlanılır, içəri keçirəm. Yüzlərlə karuselin, “christmas” marketlərinin qurulduğu bu yerə girən kimi ətrafdakı musiqi, şən insan səsləri və isti şokoladın ətrafa yayılan xoş iyi sizi qarşılayacaq.
Qarşımda gənc bir qadın attraksionlardan birindəki ipin üzərində yıxılmadan ən təpədəki zəngi çalmaq üçün çabalayır, ancaq tarazlığını itirib yıxılır. Ondan sonra burada işləyən gənc çox asanlıqla ipin üzərinə çıxıb zəngi çalır və insanlara bunun çox asan olduğunu deyir, sonra onları bunu yoxlamaq üçün sadəcə iki pound verməyə çağırır. Uşaqlı bir qadın böyük bir həvəslə iki uşağını da qabağa atır. Uşaqlarının zəngi çalıb 20 poundu udacağından əmindir qadın. Ancaq qadın da bu attraksiondan əli boş dönənlər arasındadır. Uşaqlardan sonra özünə inamla ipin üstünə atlayan gənc oğlan isə iki addım atıb, yıxıldıqdan sonra sevgilisinin yanına pərt bir halda qayıdır.
Başqa bir yerdə insanlar əllərindəki balaca qırmızı halqaları ortada bir birinin yanında düzələn butulkaların başından keçirməyə çalışırlar. Uduş isə bir birindən müxtəlif böyüklükdəki oyuncaqlardır. Gənclərdən biri soyuqdan donan əllərini nəfəsi ilə isidərək halqaları atmağa davam edir.
Digər tərəfdə taxta köz üzərində bişirilən salmon balığının insanı səsləyən qoxusu soyuq qış axşamında insanın üzündə təbəssüm yaradır. Bavarian qəsəbəsi adlanan yerdə isə, bir biri ardınca düzülmüş uzunsov masalarda yad insanlar birgə əyləşib canlı musiqidən zövq alırlar. Soyuqdan üşüyən insanlar isə odunlarla qalanmış ocaqda əllərini isidə bilirlər.
Saatlarla gəzib bitirə bilməyəcəyiniz bu parkın insanı valeh edəcək başqa bir attraksionu çarxdır. Çarxa çıxaraq siz gecənin qaranlığını müxtəlif rənglərlə işıqlandıran karusellərin gözəlliyinə baxa, insanların şən səsini eşidib unuda bilməyəcəyiniz xatirələrə sahib ola bilərsiniz.
APA














