Kanadanın təkər istehsalçısı olan “Camso” markasının Azərbaycandakı rəsmi nümayəndəsi, yük maşınlarının, minik avtomobillərinin təkər təchizatçısı olan “Lokomotiv” MMC cərimələnə bilər.
Tribunainfo.az xəbər verir ki, “Lokomotiv” MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
MMC-yə qarşı irəli sürülmüş maddəylə bağlı Tribunainfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, gömrük orqanları haqlı şəkildə şirkətə cərimə tərtib ediblər. Çünki hər bir şirkətin, sahibkarın borcudur ki, mal barədə əvvəlcədən gömrük orqanlarına elektron məlumat versin:
“Sahibkarlar, şirkətlər xaricdən mal gətirdərkən qabaqcadan gömrük orqanlarına elektron şəkildə məlumat verməlidir ki, mənə belə bir mal daxil olacaq. Gömrük orqanları əvvəlcədən məlumatlı olmalıdır ki, kimin, hansı şirkətin malı gələcək. Onsuz da mal gələndə biləcəklər, təbii ki. Ancaq əvvəlcədən bilinməlidir ki, belə bir mal gələcək. Şirkət bunu bildirməyib. İşin qaydası budur. Sahibkarın, şirkətin borcudur ki, elektron məlumat versin gömrük orqanlarına.
Bu şirkətin öz məsuliyyətsizliyi səbəbindən baş verir ki, elektron məlumat verməyi unudurlar. Bu işçilərin, şirkətin öz işinə etinasız yanaşmasından irəli gəlir. Şirkət məsuliyyətsizlik edir və nəticədə də cərimələnir”.
Xatırladaq ki, “Lokomotiv” MMC ilə bağlı işə 7 oktyabr tarixində hakim Xətai rayon Məhkəməsində baxılacaq. İş hakim Bəxtiyar Məmmədovun icraatındadır.
Şirkət Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.
Nigar