Bakı şəhərində lisey və məktəblərlə əlaqəli şagirdlərin daşınması üçün istifadə edilən xüsusi avtobuslar müntəzəm avtobus xətlərinə buraxılmır. Nəticədə azyaşlı şagirdlər saatlarla yollarda, tıxaclarda qalır, bu isə həm onların vaxt itkisinə, həm də fiziki və psixoloji gərginliyə səbəb olur. Valideynlər və ekspertlər uşaqların təhlükəsiz və rahat şəkildə məktəbə çatdırılması üçün alternativ həllərin tapılmasının vacibliyini vurğulayırlar.
Yaxın gələcəkdə lisey avtobusları da digər avtobus xətlərindən istifadə edə biləcəkmi?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.
T. Orucovun sözlərinə görə, hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 110 km-dən artıq avtobus zolağı təşkil edilib. Bu işlər davam etdirilir.
Təşkil edilən zolaqlarla yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
Dəniz Pənahova