Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

Lerikdə insan alverinə qarşı maarifləndirici tədbir keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“XXI Əsrin Qadınları” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Qurbanların Səsi” layihəsi çərçivəsində Lerik rayonunda insan alverinə qarşı genişmiqyaslı maarifləndirici tədbir təşkil edib.

Tribunainfo.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Xəyyam Nəcəfov, Lerik Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Lerik Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Gəray Əliyev, layihənin rəhbəri və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, eləcə də rayon ictimaiyyətinin fəal nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi, risk qruplarının vaxtında müəyyənləşdirilməsi və potensial qurbanlara hüquqi və psixoloji dəstək imkanlarının tanıdılması olub.

Çıxışlar zamanı iştirakçılara insan alverinin mövcud formaları, beynəlxalq və yerli qanunvericilik, profilaktik tədbirlər, hüquq-mühafizə orqanlarının funksiyaları və vətəndaşların rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, insan alveri qurbanlarının müdafiə mexanizmləri, onların reabilitasiya və reinteqrasiya prosesi ilə bağlı mövcud imkanlar diqqətə çatdırılıb.

Diskussiya formatında davam edən tədbirdə iştirakçılar mövzu ilə bağlı suallarını səsləndirib, ekspertlər isə praktiki tövsiyələr veriblər. Tədbir, həmçinin regionda insan alverinə qarşı ictimai həssaslığın artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilib.

“Qurbanların Səsi” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.