“Lənkəranski”nin varidatı uğrunda qırğın – göy bazarı, Türkiyə və İtaliyadakı əmlaklar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin avqust ayının 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatili və sifarişçisi tapılmasa da, onun maliyyə imperiyası uğrunda savaş yeni mərhələyə daxil olub
 Ötən ilin avqust ayının 18-də Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qatili və sifarişçisi tapılmasa da, onun maliyyə imperiyası uğrunda savaş yeni mərhələyə daxil olub. Sirr deyil ki, kriminal aləmdə miras uğrunda mübarizə həmişə olub. Hansısa nüfuzlu “qanuni oğru” öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları daha da alovlandırır.

Məsələn, “Lənkəranski”dən üç il əvvəl öldürülmüş ən tanınmış mafiya babası Aslan Usoyanın (“Ded Xasan”) milyonlar dövr edən imperiyası uğrunda mübarizə bu günədək davam edir, hansısa kriminal qruplaşmalar vaxtilə onun klanının nəzarətində olan vilayətlərdə öz hökmlərinin yeritməyə çalışır, yeni qanlar tökülür. Bu səbəbdən də “Lənkəranski”nin ölümündən sonra onun mirası uğrunda mübarizənin olacağı gözlənilən idi.

Hələ bir müddət əvvəl Rusiya mətbuatı yazmışdı ki, “Lənkəranski”nin ən iri aktivi olan göyərti, tərəvəz və meyvə topdansatış bazarı vaxtilə onunla yaxşı münasibətləri olan Merab Canqveladzenin (“Merab Suxumski”) nəzarətinə keçib. Məlumdur ki, 2006-cı ildə Moskvada məşhur “qanuni oğru” “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundovun qətlindən sonra göy bazarları “Lənkəranski”nin nəzarətinə keçmişdi. Məhz bundan sonra onun digər azərbaycanlı kriminallarla münasibəti pozulmuşdu. Çünki iddia olunurdu ki, “Lənkəranski” bu məsələdə “oğru prinsiplərini” pozaraq yalnız öz mənafeyini düşünüb (son yayılan məlumatlar da şübhə yoxdur ki, bu müzakirələri yenidən aktuallaşdıracaq).

Məlumat üçün deyək ki, “Suxumski”nin Rusiya vətəndaşlığı ləğv edilib və o, bir neçə ay əvvələdək İtaliyada polis nəzarətində idi. Kriminal aləmin ən odioz fiqurlarından olan “Suxumski” 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı (“Levan Suxumski”) da var. 1975-ci ildə anadan olan Levanın da “Lənkəranski” ilə yaxşı münasibətləri olub.

İddia olunurdu ki, “Lənkəranski”nin Türkiyədəki biznesinə çeçen “qanun oğru” Hüseyn Əhmədov (“Kor Hüseyn”) da iddia edirdi. “Lənkəranski” imperiyasına sahiblənmək iddiasında olan “Kor Hüseyn” 1966-cı ildə Qroznıda anadan olub. “Qanuni oğru” adını 1985-ci ildə Stavropoldakı “Belıy Lebed” adlanan təcridxanada alıb. Sonuncu dəfə 2012-ci ildə 10 ay həbsxanada cəza çəkib. Hazırda azadlıqdadır.

Başqa mənbələr “Kurşa” ləqəbi ilə tanınan “qanuni oğru” Qoça Çinçaridzenin “Lənkəranski”nin Türkiyədəki aktivlərini idarə edəcəyini deyirdi. Qoça 1972-ci ildə Kabuletidə (Gürcüstan) anadan olub. O, “qanuni oğru” adını 1992-ci ildə, cəmi 20 yaşı olanda alıb.

Rusiya mətbuatı bir neçə ay əvvəl yazmışdı ki, Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar nüfuzlu “qanuni oğru” Nadir Səlifova (“Lotu Quli”) biət ediblər. O da iddia olunurdu ki, “Lotu Quli” və Gürcüstan doğumlu “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

“Sputnik Azərbaycan” isə kriminal dairələrə istinadən yazır ki, İtaliyanın maliyyə polisi “Lənkəranski”nin bu ölkə ərazisində 100 milyon avroya yaxın nağd pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.

Məlum olub ki, İtaliyanın Pozitano şəhərində yerləşən “Le Sirenuse” və “Hotel Covo dei Saraceni” hotellərindən birincisini naməlum müştəri 52 milyon avroya, ikincisini 49 milyon avroya alıb. “Lənkəranski” hotelləri öz adına rəsmiləşdirməyib. Məlum olub ki, “Hotel Covo dei Saraceni” çeçen “qanuni oğru” Həmzət Qastəmirovun (“Şeyx Həmzət”) arvadının adına, “Le Sirenuse” hoteli isə “Lənkəranski”nin qohumlarından birinin adına rəsmiləşdirilib. Lakin hazırda hər iki hotel “Şeyx Həmzət”in mafioz klanının nəzarətindədir. Bildirilir ki, bu yaxınlarda çeçen avtoritetin vəkilləri “Le Sirenuse” otelini Lənkəranskinin qohumlarından məhkəmə yolu ilə alıblar.

Qastəmirov avqust ayında “Lənkəranski”nin il mərasimində olub. Xəbərlər vardı ki,” Şeyx Həmzət” Bakıdan Amsterdama gedərkən “Schiphol” hava limanı yaxınlığında saxlanılıb. Saxlanılan zaman Qastəmirovun üzərində bir ədəd tapança, Bolqarıstan vətəndaşı Peter Stoykov adına saxta pasport, bank kartları, 3 mobil telefon və 85 min avro dəyərində Franck Muller markalı saat olub. Sentyabrın 5-də məhkəmə saxlanılan şəxslərlə bağlı 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Dekabrın 5-də isə Qastəmirovun işi üzrə məhkəmə prosesi başlayacaq. Niderland qanunlarına görə, onu sözügedən cinayətlərə görə, 7 ildən 10 ilədək həbs cəzası gözləyir. \\musavat.com\\