Lənkəran İH parkın ərazisinin satılmadığını bildirir – Mövqe

Lənkəran İH parkın ərazisinin satılmadığını bildirir – Mövqe

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Lənkəran şəhərində, Qala xiyabanına yaxın ərazidə parkın satılması haqda xəbər yaymışdıq. Sakinlər yerli icra orqanı tərəfindən parkın ərazisində iaşə obyekti tikilməsinə icazə verildiyini iddia edirdilər. Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti (ŞİH) Tribunainfo.az-a göndərdiyi məlumatda bildirir ki, sözügedən ərazi park ərazisi deyil, ümumi sahəsi 0,165 ha olmaqla vətəndaş Quliyeva Nigar Yaşar qızının uzun müddətdən bəri xüsusi mülkiyyətindədir. İH qeyd edir ki, həmin torpaq sahəsində 72,2 kv.m ictimai iaşə obyekti (DƏDRX tərəfindən verilmiş çıxarışı vardır) mövcuddur və hazırda fəaliyyət göstərir.
“Vətəndaş N.Quliyeva xüsusi mülkiyyətindəki 0,165 ha ərazidə 2023-cü ildə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq əlavə qeyri-yaşayış obyektinin inşa edilməsindən ötrü şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.
Müraciətlə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər aidiyyəti qurumların müsbət rəyləri əsasında 30.08.2023-cü il tarixdə obyektin tikintisinə icazə verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, sözügedən ərazinin parkın ərazisinə heç bir aidiyyəti yoxdur, vətəndaşın xüsusi mülkiyyətindədir, şəhər İcra hakimiyyəti tərəfindən vətəndaşa torpaq sahəsinin satılması məsələsi ümumiyyətlə müzakirə mövzusu deyil.
Bir daha bildiririk ki, məsələni araşdırmadan mətbuatda qərəzli məlumatların paylaşılması yolverilməzdir və qanunvericiliyə müvafiq olaraq hüquqi məsuliyyət yaradır. Lənkəran Şəhər İcra Hakimiyyəti hər zaman mətbuata açıqdır, istənilən informasiyanın dəqiqləşdirilməsində maraqlıdır”, – deyə verilən açıqlamada qeyd olunub.

Tribunainfo.az