“Məşhur komikin Ukraynada keçirilən prezident seçkilərində qələbəsi Kremli heç də əyləndirmir.. Rusiya lideri həmişə onun mədəniyyətini bölüşən düşmənlərlə mücadilə etməyi sevib”.
Bu cümlə Fransanın “Le Monde” qəzetinin analitiki Silviya Kaufmanın məqaləsində yer alıb.
Müəllif əhalinin 70% səsini alan gənc və təcrübəsiz Zelenskinin qalibiyyətini postsovet məkanında yeni siyasi və nəsil sıçrayışı kimi təqdim edib.
“19 ildir hakimiyyətdə qalan Vladimir Putinin özü üçün bu yeni təcrübə sayılmlalıdır. P.Poroşenkonun xələfi onunla eyni tarixi cərəyandan gəlmir və əvvəlki prezidentlə eyni davranış standartlarını bölüşmür”,-deyə yazıda qeyd olunur.
“Zelnski rusdilli ukraynalıdır və öz fikirlərini rus dilində daha sərbəst ifadə edir. Lakin bu onu Kreml üçün daha təhlükəli fiqura çevirir. Çünki əvvəlki prezident onsuz da dil, din və orduda millətçilik kampaniyasını apararaq ölkə əhalisi içində parçalanma yaradırdı. Zelenski isə korrupsiya ilə mübarizəyə vurğu edərək həm qərbdəki, həm də şərqdəki ukraynalıları birləşdirməyə çalışır. Hər halda birləşmiş ölkə parçalanmış vəziyyətdəkindən daha güclüdür,”-deyə yazıda qeyd olunur.
Müəllifin fikrincə, indi Vladimir Zelenski Putin üçün əsl “uçan naməlum obyekt” (UNO) təsirini bağışlayır.O, 2014-cü ildəki rusiyapərəst prezidentin devrilməsi ilə nəticələnən Maydan inqilabının növbəti mərhələsi sayılır. “Yəhudi Zelenski artıq Rusiya təbliğatçılarının təqdim etdiyi “tipik, faşist ukraynalının karikatur obrazı”na uyğun gəlmir. Ən pisi isə (Kreml üçün-red.) onun plüralist və demokratik seçkilərin bir məhsulu olmasıdır”,-deyə məqalədə göstərilib.
Silviya Kaufman Ukraynadakı seçkilərin Rusiyanın gəncə və demokratik fikirli vətəndaşlarını da cəsarətləndirdiyini qeyd edir. “Bu isə Kreml üçün əsl kabusdur”,-deyə yazar vəziyyətin Kreml üçün heç də yaxşı olmadığını bildirir.
“VladimirZelenskinin fenomenal nəticəsi, onun praqmatizmi və Ukrayna elektoratında dəyişikliklərlə bağlı gözləntilər yeni imkanlar pəncərəsini açır. Rusiyada isə Putin sistemi bu dəyişikliklərə cavab verəcək çevikliyə malik deyil”,-Fransa diplomatlarıdan biri müəlliflə söhbətində danışıb.
Ən sonda yazıda S. Kaufman avropalıları yeni prezidentə hər cür kömək göstərməyə çağırıb.