Bloqqer Aleksandr Lapşinin Bakıya ekstradisiyası təkcə Azərbaycanın diplomatik uğuru deyil, eyni zamanda erməni lobbisi və Sarkisyan rejiminin ağır məğlubiyyətidir. Bloqqer Aleksandr Lapşinin Bakıya ekstradisiyası təkcə Azərbaycanın diplomatik uğuru deyil, eyni zamanda erməni lobbisi və Sarkisyan rejiminin ağır məğlubiyyətidir.
Lapşin aprel döyüşlərindən sonra ermənilərə vurulan ikinci ağır zərbədir. Bu səbəbdən Lapşinin Bakıya təhvil verlməsi rəsmi İrəvanı ciddi şəkildə narahat etməyə başlayıb. Ermənilər artıq başa düşürlər ki, Azərbaycan istər hərbi, istərsə də diplomatik mübarizədə Ermənistandan daha güclüdür. Sarkisyan hakimiyyəti bunu da gözəl bilir ki, vaxtilə onu müdafiə edən ölkələr bu gün onların yanında deyil.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Ermənistanın siyasi və diplomatik məğlubiyyətidir: “Çünki, Ermənistanın daxil olduğu Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus faktiki olaraq Azərbaycanın maraqlarına cavab verən addım atdı. Bu, Ermənistana növbəti ağır zərbədir. Ermənistan gözləmirdi ki, Belarus tərəfindən belə bir zərbə alacaq. Eyni zamanda bu hadisə onu göstərdi ki, Ermənistanı müdafiə edən Rusiyanın səylərinə baxmayaraq, Belarus beynəlxalq hüquq prinsiplərini əsas tutaraq Aleksandr Lapşini Azərbaycana təhvil verdi. Yəni, Ermənistana növbəti dəfə xəbərdarlıq edildi ki, kim tərəfindən müdafiə olunmasına baxmayaraq, beynəlxalq hüquq prinsipləri əsas götürülür və gec-tez işğal etdiyi əraziləri tərk etməlidir”.
F.Sadıqov qeyd edib ki, bu hadisədən sonra Ermənistan panikaya düşüb: “Rusiya, Belarus, Qazaxıstan və digər MDB məkanına daxil olan ölkələrin birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqı, Gömrük İttifaqının süni şəkildə “vahid” siyasət apardığını göstərir. Çünki, hər bir ölkənin öz prioritetlər, maraqları var. Bu çərçivədə Belarus Azərbaycanın maraqlarını nəzərə alaraq bu addımı atıb. Baxmayaraq ki, Rusiya ilə müttəfiqdir, vahid ittifaqda birləşib. Belarus Rusiya ilə yaxın əlaqələrə malik olsa da, Azərbaycanla əlaqələrə yüksək önəm verir”.
Politoloq vurğulayıb ki, Lapşinin ekstradisiyası Sarkisyan rejimini sarsıdıb: “Artıq Sarksiyan rejiminə qarşı yeni etirazlar səslənir. Bu hadisədən sonra Sarksiyan rejiminə açıq şəkilə təpkilər artıb. Bu, həm də onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti iflas mərhələsindədir. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi qəbul olunur. İşğal olunmuş torpaqlarımıza qeyri-qanuni səfərlər edən Lapşinin Azərbaycana ekstradisyası bunun təsdiqidir”.
Politoloq Qabil Hüseynli isə bildirib ki, ermənilər Lapşin məsələsində Rusiyanın qanadı altına sığınsa da, heç bir uğur əldə edə bilmədi: “Ermənistan kiçik bir dövlətdir. Bu dövlət nə edirsə, ya erməni lobbisi, ya da Rusiya vasitəsilə edir. Erməni lobbisi Belarusda işləyə bilmədi. Əksinə Azərbaycan diplomatiyası uğurla işlədi və prosesləri beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimləməyə nail oldu.
Ermənistan pərişan vəziyyətdədir. Əhali Sarksiyan rejiminin səriştəsizliyindən ciddi şikayət edir. Siyasi müxalifət seçki ərəfəsində bir növ məşqlərə başlayıb və protest elektoratı Sarkisyana qarşı yönləndirir. Bu hadisə ilə həm də Ermənistan siyasi müxalifətinin inteqrasiyası prosesi baş verir. Müxalif siyasi partiyalar bir-biri ilə dil tapır, bloklar qurur. Lapşin ermənilərin əlində bir rupor idi. O, eyni zamanda Azərbaycana qarşı çox cəfəng və avantürist iddialarla çıxış edən provakator xarakterli şəxsdir. Hətta o qədər irəli getmişdi ki, Ukrayna pasportu ilə iki dəfə Azərbaycana gəlməsi ilə öyünürdü. Hazırda bu şəxs dəmir barmaqlıqlar arxasındadır. Bundan sonra indiyə qədər ermənilərin adından dünyaya faş etdiklərini “quzu balası” kimi bir-bir təkzib edəcək. Ola bilsin ki, ermənilərlə onu bağlayan bir sıra telləri, hətta maddi tellərin anatomiyasını da açıb göstərəcək. Bu isə Lapşin məsələsinin daha da böyüməsinə gətirib çıxara bilər. Bu isə Ermənistanın siyasi elitasının, rəhbərliyinin nüfuzdan sala bilər.
Erməni xalqı bilir ki, Sarkisyan Rusiyanın quyruğu ilə sürünməkdədir. Ölkə iqtisadiyyatı çokür, müharibə meydanlarında Azərbaycan üstündür. Sadəcə Rusiyanın səyləri Dağlıq Qarabağda müharibənin başlamasının qarşısını alır. Ermənilər həmişə Rusiyanın qanadı altına sığınıb. Bunlara baxmayaraq, proseslərə öndərlik edən, onu idarə edən Azərbaycandır. Azərbaycan Avropa ölkələri ilə normal münasibətlər qurur. Avropaya gedəcək qaz kəmərini bu ilin sonunda işə salmağa hazırlaşır. Azərbaycan Lapşini ölkəyə gətirir və bununla başqa macərə arayanlara, erməni lobbisinə, Ermənistana göz dağı verir. Nəticə etibarı ilə belə hadisələr xalqımızda böyük ruh yüksəkliyi yaradır. Biz azərbaycanlı olaraq uğur qazanmağa adət etməliyik”.