Laçın rayon rəhbərliyinin məcburi köçkünlərə zülmü ərşə qalxıb.
Laçın rayon rəhbərliyinin məcburi köçkünlərə zülmü ərşə qalxıb
TİA.AZ-ın əldə etdiyi məlumata görə, icra başçısı Aqil Nəzərli Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşmış məcburi köçkün, 17 yaşlı Şamil Həsənzadəni məhkəmədə 500 manat cərimələdib.
Valideynləri çətin vəziyyətdə olan məktəbli fəhlə işləmək üçün icra başçısına müraciət edib. İcra başçısı isə onu Laçın Məşğulluq İdarəsinin direktoru Balay Əyyubovun yanına göndərib.
İdarə rəisi isə bildirib ki, işlə təmin olunmaq üçün icra başçısına 950 manat verməlidir. Ş.Həsənzadə A.Nəzərlinin onu bura göndərdiyini söyləyib. B.Əyyubov isə deyib ki, ona da belə təlimat verilib.
İş istəyən yeniyetmədən rüşvət istənilməsinin özbaşınalığı azmış kimi, bu məsələni yuxarılara çatdıran gənci cəzalandırmaq üçün məhkəməyə veriblər.
TİA.AZ-ın əldə etdiyi məlumata görə, Ş.Həsənzadə 950 manat istənilməsini prezidentə, baş prokurora və dövlət orqanlarına yazdığı məktubda çatdırıb.
Onun şikayəti A.Nəzərli və B.Əyyubova yönləndirilib. Laçının məmurları isə Şamili məhkəməyə veriblər və 500 manat cərimə olunub.
Hətta məhkəmədən öncə Laçın məmurları ona demişdilər ki, artıq məhkəmənin hakimi ilə dil tapıblar və qərar Ş.Həsənzadənin əleyhinə çıxarılacaq.
Beləcə, Laçın rayon icra hakimiyyəti başçısı Aqil Nəzərlinin məcburi köçkünlərin başına açmadığı oyun qalmayıb. İşğal edilmiş rayonlarımızın icra başçıları arasında ən çox şikayət A.Nəzərlidən gəlməkdədir.
Prezidentin etimadını doğrultmayan A.Nəzərli bu posta yeni təyin olunsa da, camaata etmədiyi pislik qalmayıb. Yeniyetmə təhsil almalı olduğu halda yoxsulluqdan ailəsinə kömək üçün iş axtarır.
Ona görə gənc Şamil də əlavə iş istəmək üçün icra hakiminin qəbulunda olub. Lakin A.Nəzərli onu 500 manat ziyana salıb. Təbii ki, prezidentin nəzərinə bu məsələ çatsa, Nəzərliyə heç də yaxşı olmayacaq.
A.Nəzərli isə arxasının güclü olduğunu deməklə heç kəsdən qorxmadığına arxayındır. Biz isə sadə vətəndaşların şikayətini bir media olaraq ictimailəşdirdik ki, onlara yardımı dəysin.
Laçın RİH-nin mövqeyini də dərc etməyə hazırıq.