backend

“KVN-çilərin televiziyalara çıxışı qadağan edilsə də…” – Bəhram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 28-29-da Heydər Əliyev Sarayında “Planeta parni iz Baku”nun “TV-yə giriş qadağandır” adlı konserti keçirilib. 

Aprelin 28-29-da Heydər Əliyev Sarayında “Planeta parni iz Baku”nun “TV-yə giriş qadağandır” adlı konserti keçirilib.

Tədbirdə “Planeta parni iz Baku”nun üzvləri – əməkdar artistlər Tahir və Cabir İmanov qardaşları, Bəhram Bağırzadə, aktyorlar Emil Abbasov və Azər Məmmədzadə çıxış ediblər.

“Qafqazinfo” xəbər verir ki, əməkdar artist Bəhram Bağırzadə Modern.az-a açıqlamasında konsertin uğurlu olduğunu  və tamaşaçıların yaxşı qarşıladığını deyib.

“Konsert çox yüksək səviyyədə keçdi və anşlaq idi. İki gün davam edən konsertə 4000-ə yaxın adam gəldi. İnanın ki, konsertin müddətini bir az da uzatsaydıq, insanlar yenə də gələcəkdi. Bunu mən demirəm, bunu tamaşaçılar deyir. Mən artıq 25 ilə yaxındır ki, peşəkar səhnədəyəm. Birinci dəfədir, bu qədər insan tamaşadan sonra zəng vurur. Onlar deyir ki, əvvəllər bizi güldürürdünüz, düşündürürdünüz, amma bu dəfə həm də kövrəltdiniz. Mən də müşahidə edirdim ki, əksəriyyət göz yaşlarını tuta bilmirdi. Çoxlarına müəyyən səhnəciklər təsir etmişdi. Yəqin ki, həyatda üzləşdikləri problemləri görüblər. Axırıncı dəfə mən 17 il bundan qabaqkı monolqumda belə hadisənin şahidi olmuşdum”.

Konsertdə diqqət çəkən məqamlardan biri də “Planet Parniz iz Baku” KVN Teatrının aktyorlarının övladlarının çıxışı olub. Bəhram Bağırzadə buna da münasibət bildirib:

“Artıq ikinci ildir ki, hər bir komanda üzvünün övladı konsertdə çıxış edir. Biz onları KVN-çi və ya aktyor etmək istəmirik. Sadəcə olaraq, dünyagörüşlərini artırırıq ki, indidən həyatın, zəhmətin nə olduğunu bilsinlər. Mən 12 yaşından Azərbaycan televiziyasındakı tamaşalarda çıxış etmişəm. Ələkbər Kazımovskinin “Hekayə axşamları” tamaşasında oynamışam. Bilirsiniz, bu, tərbiyə prosesidir. Onların gələcəkdə aktyor olması vacib deyil”.

2015-ci ildən “Planet Parniz iz Baku”nun telekanallara çıxışına qadağa qoyulub. Əməkdar artist Tahir İmanov bunun fəaliyyətlərinə görə tənqid etdiyi bəzi məmurların göstərişi ilə edildiyini düşünür. Bəhram Bağırzadənin fikrincə isə, komanda heç nə itirmir, itirən elə televiziyalardır:

“Bizim  Facebook, Youtube və digər sosial şəbəkələrdə kifayət qədər çıxışlarımız var. İnsanlar bizi sevir və hələ də konsertlərimizə maraq çoxdur. KVN-çilərin televiziya kanallarında çıxışı qadağan edilsə də, biz heç nə itirmirik. İtirən elə televiziyanın özüdür. O ki qaldı məmurlara, mən həmin şəxsləri canlandırmışam. Biz demokratik ölkədə yaşayırıq və ürək sözlərimizi teatrda bu formada ifadə edirik. Elə ölkələr var ki, onlarda KVN, teatrlar yoxdur. Şükürlər olsun ki, bizdə var. Lakin səhnələrimizi bir qədər yumşaltmaq qərarını teatr rəhbəri Tahir İmanov verir. Bununla bağlı bir şey demək mənim səlahiyyətimdə deyil”.

Son olaraq aktyor konsertə gələn bütün tamaşaçılara təşəkkürünü bildirib:

“Mən konsertimizə gələn hər bir tamaşaçımızın qabağında baş əyirəm. Arzu edirəm ki, hər bir azərbaycanlının bilet almaq üçün pulu olsun və konsertlərdə iştirak edə bilsinlər”.