Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndindəki evlərdə çatlar əmələ gəlib.
“Report” xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.
Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 03.09.2023-cü il tarixində yerli vaxtla saat 20:38 dəqiqədə Kürdəmir stansiyasından 14 km cənubda, Kürdəmir rayonu ərazisində 50 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.