İqtisadçı ekspert iki əsas səbəb gətirdi
Son illər Bakı küçələrində, eləcə də ölkənin digər şəhər və rayonlarında küçə alveri ilə məşğul olan, “Nə alsan, 1 manata” deyən çinlilər, pakistanlıları görə bilmirik. Doğrudur, onların satdıqları mallar, oyuncaqlar, bjüteriyalar keyfiyyətsiz olsa da, ucuz olduğundan alıcıların diqqətini cəlb edə bilirdi.
Onlar təkcə küçələrdə deyil, həmçinin qarşılarına çıxan binalara, evlərə gedərək öz mallarını canfəşanlıqla satmağa çalışırdılar. Beləliklə də “bazarlarına” şərik olduqları üçün yerli satıcıların əksəriyyəti onların narazı idi.
Təxminən 2007-2008-ci illərdə ölkəmizə axışan pakistanlı və çinliləri nəinki küçə alverində, yerli tikinti sahələrində, qul bazarında, ayrı-ayrı sahələrdə də görmək olurdu. Bu da yerli işçi qüvvələri üçün ciddi rəqib demək idi. Hətta bir neçə il bundan əvvəl Bakı Bulvarında aparılan tikinti zamanı işçilərin böyük əksəriyyətinin çinlilərdən ibarət olması mətbuatın diqqətinə səbəb olmuşdu. Elə o zaman araşdırmalar nəticəsində onların eyni işi 3 dəfə ucuz qiymətə etdikləri üçün azərbaycanlı fəhlələrin işsiz qaldığı üzə çıxmışdı. Belə ki, sonuncular bir kvadratmetr yeri 8 manata döşədikləri halda, çinlilərin cəmi 3 manata bunu etməyə razılaşdıqları məlum olmuşdu.
Səyyar küçə alveri ilə məşğul olan çinli və pakistanlılar paytaxt Bakıdan sonra rayonlara da axışmağa başlamışdı. Onlar böyük ev tutaraq kompakt şəkildə yaşayırdılar. Hətta onların arasında yerli camaatla qaynayıb qarışan, evlənib qalanlar da var. Ekspertlər qeyd edir ki, həmin illərdə ölkəmizdə təxminən 4000-4500 çinli ölkəmizdə yaşayıb. Hazırda isə onların sayının təxminən 200-300 olduğu deyilir. Onlarında demək olar ki, hamısı turist qismində ölkəmizə gəlib.
Beləliklə, bir zamanlar ölkəmizə axışan çinli və pakistanlılar gözə dəymir. Səbəb nədir? Bunun ölkə iqtisadiyyatına hansısa mənfi və müsbət təsiri var?
Bəzi ekspertlərin fikrincə yerli insanlar artıq keyfiyyətsiz məhsullardan imtina etdiyi üçün səyyar ticarətlə məşğul olan çinli və pakistanlılar ölkəni tərk etməli olub. Digər ekspertlər isə qeyd edir ki, Rusiyada artıq miqrantlarla münasibət yaxşılaşdığından, səyyar satıcılar yenidən bu ölkəyə geri dönüb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışdı: “Əslində son zamanlar ölkəyə giriş və çıxışın asan vizanın tətbiqinə qədər sərtləşdiyini görmüşdük. Eyni zamanda Azərbaycan reallığı var ki, bu ölkədə səyyar ticarətlə məşğul olmaq ciddi problemlər yaradır. Bildiyiniz kimi məhsulların keyfiyyətsiz çıxdığı üçün alıcılar təzyiqlər göstərirdi. Polis strukturları tərəfindən də müəyyən təzyiqlər, maneçiliklər törədilirdi, hətta onlardan əlavə vəsait tələb edənlər olurdu. Fikrimcə, onlar burada işləməyin sərfəli olmadığını görüb getməli oldular. Çünki qazanclarının böyük əksəriyyətini xərclərinə yönəltmək məcburiyyətində qalmışdılar. Ona görə də həm sərhəd sərtləşməsindən sonra, həm də buradakı iş şəraitini nəzərə alaraq ölkəmizdən çəkildilər. Amma onları tez-tez qonşu ölkələrdə, o cümlədən Gürcüstanda, Türkiyədə görmək olur. Azərbaycanda öz vətəndaşlarımız belə səyyar ticarətlə çox çətinliklə məşğul ola bilirlər. Çünki buna çox ciddi maneçiliklər, eyni zamanda qanunda boşluqlar var. Düşünürəm ki, ölkəmizdə səyyar ticarətlə məşğul olmaq sərfəli olmadığından, onlar ölkəmizi tərk edib. Xüsusən də son 2-3 ildə tamamilə çəkiliblər. Əslində əgər həm yerli, həm də xarici səyyar ticarətçilərinə normal şərait yaradılsaydı, yəni məsələni normal qaydalara əsaslandırsaydılar, yəni aydın qaydalara uyğun sistem tətbiq edilsəydi, həm ölkə büdcəsinə gəlir gətirərdi, həm də əhalinin daha ucuz mallara çıxış imkanı olardı. Bu məsələ artıq Türkiyədə öz həllini tapıb. Səyyar ticarətlə bağlı məsələ bələdiyyələrə tapşırıldı və bələdiyyə öz sahəsində fəaliyyət göstərən səyyar ticarətçini müəyyən qaydalar çərçivəsində özü tənzimləyir. Beləliklə istənilən şəxs, yəni fərqi yoxdur, həm yerli, həm də xarici müəyyən proseduralardan sonra ticarətlə məşğul ola bilir. Azərbaycanda isə bu qaydalar çox dağınıqdır”.