Onları bir rayondan yığıb, başqasının ərasizinə atırlar
Onları bir rayondan yığıb, başqasının ərasizinə atırlar
Son günlər Bakıda sayı sürətlə artan və körpə ölümünə səbəb olan sahibsiz itlərlə bağlı aparılan əməliyyatlar barədə yazmışdıq. Hər rayon üzrə o itlərin küçələrdən yığışdırılması tapşırığı isə olduqca qəribə şəkildə həll olunur. Adının çəkilməsini istəməyən mənbə tərəfindən qəzetimizə verilən məlumatda bildirilir ki, bu günlərdə Bakının rayonlarından birindən yığılan küçə itləri gecə saatlarında qonşu rayonlardan birinə aparılıb.
Bununla da problem “yoluna qoyulub”. Küçə itlərinin öldürülməsi, basdırılması, hansısa formada zərərsizləşdirilməsi yetərincə böyük vəsait tələb edən əməliyyatlar seriyasıdır. Bizdə isə bunun həll yolunu “azərbaycansayağı” tapmağa çalışıblar.
Əslində bu, olduqca tanış taktikadır. Sovet dönəmində Azərbaycan milisi də sahibsiz ölülərlə bağlı eyni “təmizlik” əməliyyatını keçirirdi.
Sahibsiz meyitləri qonşu rayona, kəndə, qəsəbəyə… aparıb atan milislər bununla da “üstü açılmamış cinayətlər” statistikasını azaltmış olurdular. Bir çox hallarda milislər bu ölüləri çaya atıb, ondan qurtulurdularsa, çayı olmayan kənd, rayonlarda isə meyiti maşına qoyub, gecə saatında başqa əraziyə “perepiska” etmək taktikası həyata keçirilirdi.
Sumqayıtda iyulun 31-də it dişləyən 5 yaşlı Zeynəb Mikayılzadə ötən gün quduzluqdan dünyasını dəyişib. Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsindən verilən açıqlamaya görə, ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib. Onların arasında it dişləmələri üstünlük təşkil edir – 90%. Otən il it dişləməsi nəticəsində 3 nəfər quduzluq xəstəliyinə yoluxub və dünyasını dəyişib. Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və onların arasında it dişləmələri əsas yer tutur.
Sahibsiz heyvanların sürü ilə gəzməsi və sakinlərə hücumu ilə bağlı Binəqədi rayonu, xüsusən də, 6, 7 və 9-cu mikrorayonlar ərazisində, Rəsulzadə qəsəbəsində, Hovsan qəsəbəsində, Nizami rayonu 8-ci km bazarının yaxınlığında, Xətai rayonu M.Hadi küçəsinin, Qaradağ rayonu “Qurd Qapısı” qəbiristanlığının yaxınlığında yaşayan sakinlər tərəfindən redaksiyamıza xeyli şikayət daxil olub. Həmçinin Bakıətrafı Ramana, Balaxanı, Zabrat, Suraxanı, Köhnə və Yeni Günəşli qəsəbələri, habelə Babək prospekti (“Maşın bazarı” tərəf), Keşlə qəsəbəsi sahibsiz itlərin oylağına çevrilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov bildirib ki, bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görüldüyünü deyən sahə rəisinin sözlərinə görə, insanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar.
Musavat.com