Parlamentdə “Əmək pensiyası” haqda qanunvericiliyin müzakirəsi zamanı çıxış edən millət vəkili Zahid Oruc dəyişikliklərlə bağlı prinsipial məqamlara toxunub.
Parlamentdə “Əmək pensiyası” haqda qanunvericiliyin müzakirəsi zamanı çıxış edən millət vəkili Zahid Oruc dəyişikliklərlə bağlı prinsipial məqamlara toxunub.
TİA.AZ xəbər verir ki, deputat çıxışında qeyd edib ki, işsizlik faizinin yüksək olduğu şəraitdə yalnız sığorta sisteminə əsaslanan modelə keçilməsi ciddi problemlər yaradacaq: “Faktiki olaraq Fondun büdcəsinə daxilolmalar əsasən dövlət hesabınadır. Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatalrı tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli işanların 80 faizinin çalışmasına baxmayaraq, onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir. O halda, əhalinin cəmi 6 faizini təşkil edən pensiyaçılar üçün qənəat rejimi, yaxud imtiyazlı təbəqə ilə aralarındakı sosial ödəmələrdəki fərqi aradan qaldırmağın tamam ayrı yollarını tapmaq mümkün olar”.
Deputat daha sonra, dövlət qulluqçuları, yaxud prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışıb: “Tutaq ki, indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam . İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması” müddəasına zidd olacaq. Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsiliçiyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq . Çünki, onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər”.
Z. Oruc təklif edib ki, problemin həlli üçün birdən-birə artıma deyil, 6 ay prinsipi ilə vətəndaşlara yanaşılmalıdır ki, dövlət qulluğunda çalışma prestijli olaraq qalsın. Deputat eyni zamanda, hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib.