Kremlin NATO “şantajı”: “Bu, Bakıya hücumun ikinci mərhələsidir”- ŞƏRH

Kremlin NATO “şantajı”: “Bu, Bakıya hücumun ikinci mərhələsidir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediasının Azərbaycanla bağlı dolayı təhdidli yanaşmaları davam edir.

Tribunainfo.az xəbər verir ki, “Rybar” Teleqram kanalıdan sonra prosesə Kremlə bağlı “Svobodnaya pressa”qəzeti də qoşulub.

Ötən gün internet qəzeti dərc etdiyi məqaləsində Azərbaycanın NATO-ya üzv olması üçün cəhd etdiyi məsələsini gündəmə gətirib. Belə ki, “SP” yazıb ki, Rusiya ilə Azərbaycan arasındakı münaqişə Moskvanı Bakıya təkcə siyasi deyil, həm də hərbi baxımdan daha yaxından baxmağa məcbur edib. “Azərbaycanın NATO-ya daxil olması ehtimalı və bu Qafqaz respublikasının ərazisində Türkiyə hərbi bazasının peyda olmasıdır. Görünür, Azərbaycan öz seçimini edib. NATO xəbərləri ölkənin İran və Rusiyaya qarşı təzyiq alətinə çevrildiyini təsdiqləyir”.

Qəzet daha sonra yazıb ki, digər narahatedici əlamət Bakının Moskva ilə iqtisadi layihələrə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinə etinasız yanaşmağa başlamasıdır. “2030-cu ilə qədər bu layihəyə 280 milyard rubla qədər vəsait ayırmağı planlaşdıran Rusiya indi planlarına yenidən baxmaq zərurəti ilə üzləşib”.

Məsələni Tribunainfo.az üçün şərh edən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, Kremlin bu yanaşması Azərbaycana qarşı hücumunun “ikinci mərhələsi” sayılmalıdır. “Əvvəla ona görə ki, bundan öncəki cəhdlərinin hamısı boşa çıxdı. Həmyerlilərimizin qətlə yetirilməsi, deportasiya qərarlarının verilməsi, habelə sərhəddə bəzi hərbi manevrlərlə Azərbaycana təsir edə bilməyən Moskva, indi də “NATO şantajı”na start verib”.

O deyib ki, Rusiyanın məqsədi Azərbaycana təzyiq etmək üçün yeni “zəmin”lər hazırlamaqdır. “Rusiya uzun illərdir bəyan edir ki, keçmiş post sovet ölkələrindən hər hansı biri NATO-ya üzv olarsa, bunu qəbullanmayacaq. Yəni açıq təhdid edir ki, əks halda hərbi müdaxiləyə qədər gedə bilərlər. İndi Azərbaycanla bağlı NATO məsələsini ortaya ataraq, bunu “xatırlatmaq” istəyirlər. Lakin onların bu blefi keçməyəcək”.

Fəraməzoğlu qeyd edib ki, Rusiyanın Türkiyənin Azərbaycanda mövqelərinin güclənməsini “NATO-ya üzvlük” kimi təqdim etməsi arqumentsizliyin və siyasi savadsızlığın göstəricisidir. “Azərbaycanın Türkiyə ilə münasibəti müttəfiqlikdən də öndədir. Rəsmi Bakının bu siyasəti doğrudur və daha dərin əlaqələr qurması lazımdır.Rusiyanın məhz bu məsələni əsas tutaraq, Azərbaycanın NATO üzvü olacağı barədə yanaşması arqumnetsizliyin və siyasi savadsızlığın göstəricisidir”.

Siyasi ekspert onu da deyib ki, Rusiya Ukraynadakı ən böyü və tarixi səhvi ilə Qafqazı itirdiyinin fərqindədir. Onun sözlərinə görə, istər Ukraynada, istərsə də Rusiyada öz xalqını kütləvi qırğına verən Moskvaya artıq etimad qalmayıb. “Rusiya bu gün ən etibarsız müttəfiqdir. Ona etimad qalmayıb. Onlar indi də hərbi gücdən istifadə edərək, Qafqazda qalmağı düşünürlər. Lakin indi nə 1920-ci ildir, nə də ondan öncəki dönəmlər. Rusiya hər hansı hərbi akspansiya eşqinə düşərsə, bütün Qafqaz, eyni zamanda Orta Asiya ona cavab verəcək”.

Fərda Uğur