“Lavrovun bəyanatı səbəbsiz deyildi. Qarabağ olmasa da, Rusiya üçün yeni münaqişə mənbəyi var. Bu, nəqliyyat yollarının açılmamasıdır”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert Karen Hovhannisyan deyib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında əsas vasitəçi olduğunu nümayiş etdirmək üçün hər vasitəyə əl atacaq. “Zəngəzur dəhlizi ilə bağlı bütün razılaşma və müqavilələr Rusiya ilə Türkiyə arasında imzalanıb. İndiki mərhələdə Türkiyənin Rusiya ilə əməkdaşlıq etmək üçün ABŞ-ın dəstəyinin olmadığını nəzərə alsaq, Rusiya tək qalıb. Həm Azərbaycan, həm də əvvəllər güc dili ilə danışan Rusiya indi öz dilində danışmağa başlayıb”.
Hovannisyan iddia edib ki, Azərbaycan müharibəyə hazırlaşır. “Bu, göz qabağındadır və onun bütün hərbi təlimləri bunu təsdiqləyir. Lakin mümkün geosiyasi dəyişikliklərə görə, proses yubanır. Böyük ehtimalla Azərbaycan ilin sonuna qədər hərbi əməliyyatlara gedə bilər”.
Erməni hərbi ekspert Rusiyadan daha çox, İrana etimad göstərilməsinin vacib olduğunu bildirir. O deyir ki, buna səbəb Ermənistanın suveren ölkə olmasının İranın maraqları ilə üst-üstə düşməsidir. “Bu əlaqələri lazımi səviyyəyə çatdırmaq çoxsaylı diplomatik gediş tələb edir. Həmçinin zaman lazımdır. Lakin biz İranı inandıra bilsək ki, maraqlarımız eynidir və bu maraqlardan çəkilməyəcəyik, o zaman Tehrandan real dəstək ala biləcəyik”.