Kreml emissarından Bakı və İrəvana təhdid: “Münaqişə çıxacaq”

Kreml emissarından Bakı və İrəvana təhdid: “Münaqişə çıxacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında sülh mərhələsi yaxınlaşdıqca, xüsusən də Zəngəzur dəhlizinin açılması reallığa çevrildikcə Rusiyanın da təhdidlərinin hələlik söz səviyyəsində olsa da, artması müşahidə olunur.

Tribunainfo.az xəbər verir ki, Vaşinqton görüşü ərəfəsində Kremldən gələn açıqlamalar da göstərir ki, Rusiya təxribat törətmək üçün fürsət axtaracaq.

Belə ki, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü  Boqdan Bezpalko yerli mediaya verdiyi açıqlamasında bunu açıq şəkildə dilə gətirib. “Ermənistanın ərazi  güzəştləri Qafqazda ciddi münaqişəyə gətirib çıxara bilər. Bütöv bir regionun respublika ilə əlaqəsi kəsilə bilər. Zəngəzur dəhlizi  Ermənistan və Rusiyanın İranla əlaqəsini kəsəcək.  Ümumiyyətlə, bu,  regionun yenidən formalaşdırılması və ola bilsin ki, gələcəkdə regionda kifayət qədər ciddi münaqişə demək olacaq”.

Qeyd edək ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərdə gərginlik var. Rusiya Azərbaycandan istədiyini ala bilmədiyi üçün bütün imkanlarından istifadə edərək, təzyiq göstərməyə çalışır. Təyyarəmizin vurulması ilə başlayan proses, son zamanlar miqrantların deportasiyası ilə müşahidə olunsa da, bunun işə yaramadığı görülməkdədir.

Rusiya bunun ardından xarici ölkələrdəki enerji obyektlərimizi hədəfə almağa başlayıb ki, bu da üçüncü mərhələ hesab olunmalıdır. Belə ki, Ukraynda ard-arda SOCAR-a məxsus depo və mərkəzlərin raketlə vurulması bəzi ekspertlər tərəfindən “xəbərdarlıq” kimi qiymətləndirilir. Hərçənd rus ekspertlər bunu açıq yazırlar ki, raket hücumları xəbərdarlıqdır.

Aydın məsələdir ki, Azərbaycanda Rusiyanın “5-ci kalonu” var. Bunu rəsmi Bakı birbaşa bəyan etməsə də, dolayı yolla cəmiyyətə çatdırıb. Bu yaxınlarda bir qrup məmurun Rusiya ilə bağlı olması barədə mediada gedən xəbərlər də belə deməyən əsas verir.

Həmin “kalonun” Azərbaycandda hansı təxribata əl ata biləcəyi ilə bağlı hələlik geniş müzakirələr aparılmır. Hərçənd bəzi siyasətçilər ara-sıra bunu dilə gətirirlər. Məsələn, REAL Partiyasının sabiq sədri İlqar Məmmədov Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana qarşı addım ata biləcəyini istisna etməyib. O deyib ki, bunun nə zaman və hansı şəkildə olacağı da məlum deyil.

P.S. Görünən odur ki, Azərbaycan Rusiyanın təxribatları məsələsində kifayət qədər diqqətli olmalıdır. Şübhəsiz, Azərbaycan hakimiyyəti hər şeyi hesablayıb və önləyici tədbirlərə də malikdir. Yəni, plansız və hazırlıqsız hərəkət etmir. Ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumların da ayıq və sərvaxt olması da birmənalıdır. Amma nəzərə alaq ki, qarşımızda “şimal ayısı” var.

Fərda Uğur