Son bir ildə Azərbaycanda problemli kreditlərin məbləğində 4,6 faiz artım müşahidə olunub. Bu ilin fevral ayının statistikası da ürəkaçan deyil. Belə ki, ayın 1-dək vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat olub. Bu, yanvarın 1-i ilə müqayisədə 5,8 faiz çoxdur. Vətəndaşların əksəriyyəti mövcud prosesi kredit faizlərinin yüksək olması ilə əlaqələndirirlər.
Problemli kreditlərin həlli ilə bağlı hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, problemli kreditlərin həcmi təhlükəli həddə deyil.
“Amma tendensiya qorxuludur, çünki problemli kreditlərin həcmi yavaş-yavaş artır. Ümumi kredit portfelinin 3 faizə qədəri və ondan çoxu problemli kredit kateqoriyasına daxil olan zaman təhlükə yaranır. Bizdə hələ bu, 1.8 faiz civarındadır”.
İqtisadçı kredit faizlərinin yüksək olduğunu təsdiqləyib:
“Eyni zamanda əhali də istehlak kreditlərinə çox müraciət edir. Bu, belə davam edərsə, problemli kreditlərin həcmində də artım müşahidə oluna bilər”.