Çox vaxt insanlar kredit götürəndə yalnız aylıq faizə diqqət yetirirlər, bu isə çaşdırıcı ola bilər. Əslində, ödəniləcək ümumi məbləği müəyyən edən əsas göstərici faktiki illik faizdir. Bəs kredit götürən şəxs hansı məqamlara fikir verməlidir ki, sonradan əlavə xərc ödəməsin? Faktiki illik faizlə sadəcə aylıq faiz arasındakı əsas fərq nədən ibarətdir?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən bank üzrə ekspert, vəkil Əkrəm Həsənov bildirib ki, ümumiyyətlə faktiki xərclərə əlbəttə ki, fikir verilməlidir.
Ekspertin sözlərinə görə, faizdən əlavə komissiya haqqı da olur. Əslində, bunların hamısı müqavilədə göstərilir. Ödəniş cədvəlinə də fikir vermək lazımdır. Ödəniş cədvəlində “Bu qədər almısan, bu qədər faiz olacaq, yekunda bu qədər ödəmiş olursan” göstərilir. Vətəndaş o fərqi görür, görməlidir də. Sadəcə olaraq vətəndaşlar krediti götürəndə çox vaxt o qədər sevincək olur ki, “əşi, qaytararam” deyir. Halbuki bu məsələlərdə diqqətli olmaq lazımdır. Bank xeyriyyə fondu deyil. Bankın qazancı olmasa, sənə kredit verməz axı.
Dəniz Pənahova