Rəhbərlik bizi təlimatlandırdı ki, Azərbaycan anti-sovetçilərlə qaynayır, azərbaycanlılar SSRİ-dən çıxmaq istəyir.
Rəhbərlik bizi təlimatlandırdı ki, Azərbaycan anti-sovetçilərlə qaynayır, azərbaycanlılar SSRİ-dən çıxmaq istəyir.
Bunu Report-a açıqlamasında keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı “Alfa” qrupunun sabiq əməkdaşı, ehtiyatda olan polkovnik Vitali Demidkin bildirib.
O qeyd edib ki, Azərbaycana getdikdən sonra həqiqətən xalqın şəhərdə Sovet qoşunlarının olmasından narazı olduğunu görüblər: “Lakin bu, daha çox insanların faciəvi ölümü ilə əlaqəli idi. Həmin vaxtı İttifaqdan ayrılmaq məsələsi yox idi. Ondan sonrakı il biz Vilnüsdə olanda, artıq İttifaqdan çıxmaq barədə qətiyyətlə danışırdılar”.
“Udar” əməliyyatı barədə danışan V. Demidkin deyib ki, əməliyyatın adı sıravi əməkdaşlara məlum deyildi: “Udar” sözünü ilk dəfə sizdən eşidirəm. Biz öz tapşırığımızı yerinə yetirirdik, həyəcan yaşanan İttifaq respublikalarına gedirdik. O zaman biz təxmin edə bilməzdik ki, hər şey böyük dövlətin dağılması ilə nəticələnəcək”.
O, həmçinin 1990-cı ilin yanvarında Bakıya ezamiyyətindən də danışıb: “Biz, səhv etmirəmsə, yanvarın 20-si Bakıya 60 nəfərlik qrup şəklində gəlmişdik. Gəldiyimiz tarix dəqiq yadımda deyil. Amma Moskvaya geri qayıtdığımız tarix dəqiq yadımdadır – martın 7-si, bu Beynəlxalq Qadınlar günü ərəfəsi idi və mən həyat yoldaşıma Bakıdan çox gözəl qərənfillər gətirmişdim. Ümumilikdə biz Bakıda 45 gün keçirdik. Bakıya düşən kimi aeroportdan Bilgəhə yollandıq, orada bir neçə gün sanatoriyada qaldıq. Sonra 4-cü Ordunun qərargahına göndərildik, daha sonra isə Azərbaycan DTK binasına yerləşdirildik. Mən daima qərargahda olurdum və hərdən şəhərə patrula çıxırdım. Biz mülki geyimdə olurduq və yerli əhalidən seçilmirdik. Şəhərin küçələrində daima insan izdihamı yaşanırdı, həlak olanların dəfn olunması ilə əlaqədar yürüşlərin şahidi olmuşam”.
O, qeyd edib ki, “Alfa”da şərti məxfilik tətbiq olunub – bir qrup əməliyyat həyata keçirəndə, digərləri bu barədə məlumatsız olurlar, hətta, dost həmkarlara belə nəsə danışmaq qadağandır. Onun fikrincə, Azərbaycan televiziyasının enerji blokunun partladılması “Alfa”nın yerli bölməsinin işi olub: “Əksər əməliyyatlar DTK-nın yerli bölməsi tərəfindən həyata keçirilirdi. Onları da bizim təlimatçılar hazırlayırdılar. Ona görə də həmin şəxslər də özlərini “Alfa” adlandırırdılar. Bakılı həmkarımla danışan zaman onlardan televiziyanın enerji blokunun partladılması barədə eşitmişəm. Bu səbəbdən hesab dirəm ki, bu, məhz onların işidir”.