KOROĞLUNUN ÖLÜMÜNÜDƏN 25 İL ÖTÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün  Azərbaycanın milli qəhrəmanı Koroğlu Rəhimovun Ağdərə döyüşlərində qəhrəmancasına şəhid olmasından 25 il keçir. 

Bu gün  Azərbaycanın milli qəhrəmanı Koroğlu Rəhimovun Ağdərə döyüşlərində qəhrəmancasına şəhid olmasından 25 il keçir.

Koroğlu İsmayıl oğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. Anası Sura xanım evdar bir qadın olub.

Koroğlu anadan olandan çox nadinc uşaq olub. O sanki gələcəkdə onu nələr gözlədiyini əvvəlcədən hiss edirmiş. Koroğlu birinci sinfə Yaqublu 7 illik məktəbinə getmişdir.

Atası İsmayıl müəllim  1961-ci ildə öz dədə-baba yurdu olan Ermənistan Respublikasının Zəngibasar mahalının Sarcalar kəndinə köçüb. Koroğlu orta təhsilini qonşu kənddə- Həbilkənd orta məktəbində almışdır. 1969-cu ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olmuşdur. 1972-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini ADR-də başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini tamamlamışdır. 

1979-cu ildə əmisi qızı Aybəniz xanımla ailə həyatı qurmuşdur. Koroğlunun üç övladı var: Rəşad, Samir, Ülviyyə və üç nəvəsi Koroğlu, Mətin və Əzizağa.

 

Koroğlu əmək fəaliyyətinə Bakı Məişət Kondisionerləri zavodunda başlamışdır. Koroğlu çox təvazökar, vətənpərvər və ailəcanlı idi. O, ermənilərin törətdikləri faciələrə biganə qala bilmədi. Vətən qeyrəti, ana-bacı namusu onu bu torpağın yolunda cavan canından keçməyə vadar etdi.

1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması,1990-cı ilin “20 Yanvar” hadisələri, 1992-ci ilin fevralın 25-26-da Xocalı soyqırımı Koroğlunun düşməndən qisas almaq, torpaqlarımızı erməni faşistlərindən təmizləmək arzusunu daha da alovlandırdı.
 

O, könüllü olaraq cəbhəyə getməyi qərara aldı. Qərarını atasına və həyat yoldaşına bildirir. Atası İsmayıl Rəhimov bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edir və ona xeyir-dua verir. Vətənimizi, ana- bacılarımızı ermənilərdən qorumağı ona tövsiyyə edir. Qoç Koroğlu kimi qəhrəman olmağı arzulayır.

1992-ci il martın 17-də Koroğlu Rəhimov könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılır.

1992-ci il aprelin 30-da Koroğlu Rəhimov “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillər əzbəri olur.

Koroğlu öz arzusu ilə Qarabağın qızğın döyüş gedən cəbhə bölgəsinə gedir. Goranboy rayonunun Buzlaq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsil qəhrəmanlıq göstərib. Həmin döyüş zamanı çoxlu düşmən məhv edilir, bir neçəsi əsir götürülür, xeyli döyüş sursatı ələ keçirilir. Daha sonra Başkənd, Madagiz, Gülüstan kəndlərini də qəhrəman komandir düşməndən azad edri. 1992-ci ilin iyulun 3-də Koroğlunun komandir olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu, Koroğlunun son döyüşü olur. Ağdərə döyüşlərində də Koroğlu qəhrəmanlıqlar göstərir. O, Ağdərə yaxınlığındakı üçüncü sovxozu da erməni faşistlərindən azad edir. Döyüşə-döyüşə qəhrəmancasına həlak olan Koroğlunun ölüm xəbəri hamını sarsıdır. Onun məzarı Bakıda Şəhidlər xiyabanındadır. Ölümündən sonra “Azərbaycan”, “Vətən səsi”, “Azərbaycan Ordusu” və digər qəzetlərdə onun qəhrəmanlığı haqqında geniş məqalələr yazılıb.

Şəhid olandan iki il sonra 1994-cü il sentyabrın 16-da Azərbaycan Respublikasının prezidenti möhtərəm Heydər Əlirza oğlu Əliyevin Fərmanı ilə Koroğlu İsmayıl oğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.
 

Koroğlu Rəhimovun keçdiyi döyüş yolu haqqında Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurbaninin “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” , Sabir Arazlının “KOROGLU” kitabları nəşr olunmuş, 2-ci sinif Oxu kitabında Milli Qəhraman Koroglu Rəhimov haqqında hekayə və Oqtay Rzanın “İki Koroğlu” şeri dərc edilmişdir. Şagirdlər də onun qəhrəmanlığı qarşısında baş əyir və özlərini gələcəkdə Koroğlu kimi qəhrəman görmək istəyirlər.


Eyni zamanda Milli Qəhraman Koroglu Rəhimov haqqında “20-ci əsrin Koroğlusu” və Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin “Salnamə” film studiyasının “Vətənim mənim” sənədli filimləri çəkilib.

Bakıdakı küçələrdən biri də Koroğlu Rəhimovun adını daşıyır.  Koroğlu küçəsindəki Xiyabanda Milli Qəhrəmana abidə ucaldılıb. Eyni zamanda Milli Qəhraman Koroğlu Rəhimovun anadan olub boyüdüyü Oğuz rayonunda Milli Qəhramanın adını daşıyan küçə və oxuduğu məktəb, hazırda uşaq baxçası kimi fəaliyyət göstərən Oğuz rayonu, Xaçmaz kənd uşaq baxçası Koroğlu Rəhimovun adını daşıyır. Onun adı və qəhrəmanlığı bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və nəsillərdən-nəsillərə keçəcək.

İlahə