Ölümünün yaxınlaşdığını xaqan özü də hiss edirmiş. Görünür elə buna görə də daha böyük bir səhvə yol verir; bütün qoşununu toplayıb Batı xanın üstünə gedir. Batı xanın bundan xəbəri yox imiş.
Ölümünün yaxınlaşdığını xaqan özü də hiss edirmiş. Görünür elə buna görə də daha böyük bir səhvə yol verir; bütün qoşununu toplayıb Batı xanın üstünə gedir. Batı xanın bundan xəbəri yox imiş.
Çingizxanın sonbeşiyi Tuli xanın arvadı, gələcək dörd böyük xanın anası, buna görə də monqolların hörmətlə “içində dörd qiymətli inci gəzdirən balıqqulağı” dedikləri Sorkakdanə xatun dərhal gizlicə çapar göndərərək bunu ona xəbər verir. Buna görə də Batı xan da vaxtında qoşun toplaya bilir və Quyuk xanı qarşılamağa çıxır. Lakin Tanrı artıq aslan əhvalatı ilə bir dəfə Quyuk xanı xəbərdar etmişdi, əgər o nəticə çıxarmamışdısa günah onun özündə idi. Qoşunlar qarşı-qarşıya gəlməyə xeyli qalmış Quyuk xan ölür və beləcə monqollar arasındakı ilk böyük vətəndaş müharibəsinin qarşısı alınır. 1248-ci ildə.
Kiçik Asiyada, Aralıq dənizinin sahilində çox kiçicik bir “ərmini” çarlığı vardı. Hələ on birinci əsrdə səlcuq türkləri Bizansı Kiçik Asiyadan qovduqları zamanlarda haylara onu bir mərhəmət nümunəsi kimi vermişdilər. O zaman güc səlcuqlularda idi deyə haylar onlara Bizanslılardan şikayət etmişdilər, yalvarıb-yaxarıb onlardan kiçicik də olsa bir torpaq istəmişdilər. İndi isə güc nə səlcuqlularda idi, nə Avropada,nə də Misir məmlüklərində. Əsl güc sahibi monqol xaqanı idi. Demək digər ermənilər kimi ,türklərin bir zamanlar mərhəmət nümunəsi olaraq bağışladıqları həmin o kiçicik torpağın — Kilikiyanın çarı da onun yanına getməli idi. Üstəlik o ərəfələrdə xaqanın qeyri-insani fərmanı xəbərini də almışdı deyə bərk sevinmişdi, çoxlu qızıl-gümüşlə, “ərmini” gözəlləri ilə onun görüşünə getməyə qərar vermişdi. Amma yalnız qızıl-gümüşlə və gözəllərləmi? Xeyr. Məsələ bundaydı ki, o zaman hayların sevimlisi, qürur mənbəyi olan Kilikiya çarı Birinci Getum cinsi azlıqlardan idi, kişi hökmdarlarının görüşünə getməyi xoşlayırdı. Quyuk xan da oddan-alovdan çıxmış əsl kişi. Niyə də onunla görüşməsin? Amma Quyuk xanın qəfil ölümü onun bu arzusunu ürəyində qoyur. Üç ildən sonra, 1251-ci ildə böyük xaqan taxtına Batı xanın birbaşa köməyi ilə Tuli xanın oğlu Munke xan oturur. Əsl adı Hayton olan Birinci Getum yalnız o zaman yola düşür: nə fərqi var,o olmasın bu olsun. Əvvəl Saray-Batıda Batı xanla,sonra da Karakorumda Munke xanla görüşür.Oralarda xanlara,sərkərdələrə qızıl-gümüşdən, “ərmini” gözəllərindən başqa daha nəyi təklif etdiyini demək çətindir, amma bu fakdır ki, geri döndüyündə səlcuq türkləri artıq ona Birinci Hayton deyil, Birinci Getum deməyə başlayırlar və tarixdə də bu adla qalır. / Qeyri-türklərə bildirmək istəyirəm ki, “getum” sözünü lüğətlərdə axtarmasınlar, çünki sözü olduğu kimi yazmaq ayıbdır, sadəcə, izahını verim: bu, “oturan yerim” deməkdir /.
Nə isə… Haylar barədə hələ ki bu qədər. Çünki onların o qarışıq dövrdəki əcaib-qəraib əməllərindən yazacaq olsam ömür yetməz, biz isə Koroğlunu axtarmalıyıq. Demək, Çingizxanın ölümündən sonra ta Munke xanın taxta çıxdığı 1251-ci ilə qədər də Koroğlunun bu yerlə-göylə əlləşən monqollara qarşı mübarizə apara biləcəyini düşünmək mümkün deyildir. Artıq ilk tüfəngin icadına cəmisi səkkiz il vaxt qalmışdır, Koroğlunun bu silahla tanışlığını da 1260—70-ci illər arasında təxmin etmişik. Davam edək, bəlkə bir izə düşə bildik.
Artıq Asiyanın və Avropanın bir hissəsinin müqəddəratını iki qüdrətli əmioğlu həll edirdi. Monqolların gücü Çingizxanın sağlığındakı gücünü xeyli kölgədə qoymuşdu. O zamankı dünyanın yarıdan çoxunu ”qatı türk buludu” örtmüşdü deyə Avropa ölkələrində, hətta Roma papasının iqamətgahında məcburiyyət üzündən türkcəni öyrənməyə başlamışdılar. Hələ bu harası idi? Bir neçə il sonra Munke xanın qardaşı Hülaku xan böyük bir qoşunla İrandan, Azərbaycandan keçir, 1258-ci ildə Bağdadı bir həmlə ilə almaqla altı yüz illik ərəb xilafətinə son qoyur və yeni bir monqol imperiyasını — İlhanilər imperiyasını yaradır. Munke xanın digər qardaşı Kubilay xan isə Cənubi Çin imperatorluğunu da işğal edərək 1260-cı ildə özünü bütün Çinin imperatoru elan edir.
Qəribədir, monqolların bir tək düşmənə belə aman vermədikləri, qılınclarının dalı da, qabağı da kəsdiyi bir əsrdə cəmisi 8000-dən də az olan bir dəstəsi ilə Koroğlu onlara qarşı necə döyüşə atıla bilərdi? Bu mümkün olan şey idimi?
Deyə bilərlər o, xəyali bir qəhrəman idi. Xəyallarda hər şey mümkündür.
Eləmi? Olsun. Bəs onda onun igidlərinin sayı niyə bu qədər dəqiq göstərilir? Nə az, nə çox, yeddi min yeddi yüz yetmiş yeddi. Rəqəmlər də xəyalidirmi? Bəlkə yanlışlıq ondadır ki, biz onu monqollara qarşı mübarizə aparanlar arasında axtarırıq? Amma bu da var ki, qocalığı 1260—70-ci illərə düşən birisinin gəncliyi, təbii ki, haradasa iyirminci-otuzuncu illərə düşər, o zamanlarda isə Türküstanda, İranda, Azərbaycanda monqollardan başqa kim ağalıq edirdi ki, Koroğlu onlara qarşı vuruşsun?
Dastana görə Koroğlu Çənlibelə qalxdıqdan sonra onun başına yaxın-uzaq ellərdən özü kimi dəli-dolu igidlər toplanır. Deyək ki belədir. İgidlər axın-axın gəlir, sayları yüz, iki yüz, beş yüz, min beş yüz olur, yenə gəlirlər…iki min, üç min, dörd min beş yüz, altı min, yeddi min…və yeddi min yeddi yüz yetmiş yeddi. Bəs sonra? İgidlərin sayı niyə buradaca durur? Nə baş verir? Say bu həddə çatdıqdan sonra yəni Koroılunun yanına daha heç bir igid gəlmirmi? Yoxsa gələnləri artıq qəbul etmir? Heç birisi ağlabatan deyildir. Bizə bu günə qədər belə izah edilmişdir ki, ”7” müqəddəs rəqəm olduğu üçün xalq öz qəhrəmanının igidlərinin sayını “yeddiliklərlə” göstərmişdir.Yaxşı, elə isə atlarının sayı niyə cəmisi ikidir, yeddi deyildir, axı atlarına igidlərdən xeyli əvvəl sahib olmuşdur? Burada nəsə bir dolaşıqlıq var, bu düyünü açmaq lazımdır.
Etiraf edim ki, ta uşaqlıq illərimdən bu yaşımacan şəxsən məndə Koroğlunun reallığına Qıratın çiyinlərində bir cüt qanadın peyda olması qədər də igidlərin bu müəmmalı sayı şübhə doğururdu. Amma nə biləydim ki, günün birində məhz bu “müəmmalı say” məni bu sevimli qəhrəmanın kimliyinə gedən yolun başlanğıcına çıxaracaqdı. Bu rəqəmlər heç də uydurma deyilmiş, Koroğlu haqqında tamamilə yeni bir versiya irəli sürməyim üçün məhz bu rəqəmlər ipucu olmuşdur.
Koroğlunun dəstəsi heç də hərbi nizam-intizamdan uzaq üsyançılar dəstəsi deyildi, hərb işini azca da olsa bilən hər bir adam təsdiqləyər ki, nizam-intizamı olmayan əsgərlər nə qədər igid olsalar da tezliklə məhvə məhkumdurlar. Dastanda da deyilir ki, igidlərin sayı çoxaldıqda Koroğlu onları dəstələrə, bölüklərə bölür, hər bir dəstəyə də başçı təyin edir. 7777 döyüşçü bölüklərə necə bölünə bilərdi? Təbii ki, onluq sistemlə. Yəni 7000 sıravi əsgər, üstəgəl 700 onbaşı, üstəgəl 70 yüzbaşı, üstəgəl 7 minbaşı. Cəmi edər 7777. Koroğlu özü bu saydan kənardadır, çünki o, minbaşıların üstündədir. Əgər bu dəstə 10000 nəfərdən ibarət olsaydı, bu artıq tümən olardı. 9000 sıravi əsgər, üstəgəl 900 onbaşı, üstəgəl 90 yüzbaşı, üstəgəl 9 minbaşı. Cəmi edər 9999. Tümənbaşı bu saydan deyildir. Demək, Koroğlunun dəstəsi onluq sistemlə qurulmuş hərbi nizam-intizamı olan bir qoşun növü idi. Əgər igidlərin sayı 7777-ə çatdıqdan sonra da Çənlibelə axın-axın gələnlər olsaydı, təbii ki, Koroğlu həmin onluq sistemlə də qoşununun sayını 8888-ə, 9999-a, yəni tümənə, sonra iki tümənə, beş tümənə və s. çatdırardı. Gəlməmişlər demək düzgün olmaz, amma gələnləri geri qaytarması da inandırıcı görünmür. Onda belə düşünmək olarmı ki, hələ Çənlibelə qalxmazdan öncə Koroğlunun 7777 nəfərlik hazır qoşunu varmış? Və Türküstan, İran, Azərbaycan boyunca qaladan qalaya keçərək nəyi və ya kimisə axtardığından bu saydan başqa digər igidləri yanına almağa , qoşununun sayını artırmağa vaxtı olmamışdı? Axı nizami hərbi hissəyə yeni alınacaq adamlara hərbi təlimlər də keçirilməli idi.
O dövrdə orduya onluq sistemi tətbiq edən Çingizxan olmuşdu. Düzdür, ondan əvvəlki əsrdə kidan və çurjen tayfalarında əsgərlər beşliyə, onluğa, yüzlüyə, minliyə bölünürdü, amma Çingizxan bu sistemi onlardan alıb təkmilləşdirmiş və Şimali Çində ondan əvvəl ağalıq edən bu tayfaları məğlub etmişdi.
Əgər Koroğlu dövlət idarəçiliyi işindən uzaq idisə, amma buna baxmayaraq yüksək nizam-intizamı olan bir qoşunu vardısa, demək o, sadəcə bir sərkərdə idi. Sərkərdələr isə özbaşına olmurlar, üstəlik nəyi və ya kimisə axtarırlarsa, demək tapşırıq almış sərkərdələrdir. Əgər onun gənclik illəri iyirminci-otuzuncu illərə düşürsə, tapşırığı o zaman o ərazilərdə yalnız Çingizxandan ala bilərdi. Demək, Koroğlunun izi böyük bir ehtimalla Çingizxanın sərkərdələrindən birisinə gedib çıxır. İlk növbədə Xarəzm imperiyası yada düşür. Amma o döyüşdə Çingizxanın çox sərkərdələri vuruşmuş və hünər göstərməyəni də, demək olar ki, olmamışdı.Rəşidəddinə görə, Çingizxan öləndə onun qoşunu 168000 nəfərdən ibarət idi. Amma böyük döyüşlər zamanı qoşunun sayı 230000-ə, hətta 250000-ə çatırdı. Demək, Koroğlunu ən azı iyirmi tümən başı içindən axtarmaq lazımdır.
Xarəzmşah Məhəmməd Əlaəddin dövlət işlərində bacarığı olmayan, zülmkar, ədalətsiz bir hökmdar idi. Dövləti, demək olar ki, anası Türkan xatun idarə edirdi, özü isə eyş-işrətlə, yeyib-işməklə məşğul idi. Özündən sonra şahlığa türkmən qızından olan oğlu Cəlaləddini deyil, fars qızından olan oğlunu vəliəhd elan etmişdi deyə xalqın ona qarşı olan nifrəti birə-beş artmışdı, çünki əhalinin böyük əksəriyyətini türkdillilər təşkil edirdi. Zalımlığına görə imperiyada tez-tez üsyanlar baş versə də şah bütün üsyanları amansızlıqla yatırırdı. Çingizxanın Xarəzmə hücumundan bir neçə il əvvəl qoşun toplayıb Bağdad üzərinə yürüşə çıxmışdı; Bağdad xəlifəsini devirib özünü xəlifə elan etmək istəyirdi. Amma yolda əsgərlərin çoxu xəstələnib qırılır, bunda ilahi əlamət görüb qorxuya düşdüyündən geri dönür. Sonra imperiyanın şərq vilayətlərindəki üsyanları yatırmaq üçün 60000-lik qoşunla səfərə çıxır. Həmin bu vaxtlar merkit tayfaları Çingizxana itaətdən boyun qaçırıb Xarəzmin şərq torpaqlarına sığınmışdılar, onların dərsini vermək üçün böyük xaqan Subuday bahadırla Cebe noyonu iki tümənlə arxalarınca göndərmişdi. Şahın qoşunu böyük xaqanın qoşunu ilə qəflətən rastlaşır. Monqollar artıq merkitlərdən qırdıqlarını qırmış, qalanlarını əsir almışdılar.
Şah öyrənincə ki, bu hansısa çöl xanının qoşunudur və onun torpaqlarına soxularaq hansısa bir tayfa ilə müharibə ediblər bərk qəzəblənir və hücum əmri verir, özü isə təpəlikdə oturub ordunun böyüyü ilə yemək yeyə-yeyə döyüşə tamaşa edir. Amma az sonra döyüş meydanında qəribə mənzərə görüb heyrətə gəlir; düşmən qoşunundan böyük və kiçik dəstələr necə də çevik və son dərəcə nizamlı bir şəkildə bir-birindən ayrılıb yenidən birləşə bilirdilər?! Sanki gözəgörünməz bir əl atlıları əsas qoşundan bölük-bölük ayırıb döyüş meydanının bu tərəfindən o tərəfinə, o tərəfindən bu tərəfinə qoyurdu. Bu döyüş şahın xatirində silinməz iz buraxacaq və gələcəkdə onun Çingizxan qoşunundan ehtiyatlanması, hətta aşkar qorxması üçün səbəb olacaqdı. Çünki döyüş zamanı aglagəlməz bir hadisə baş verir: qızğın döyüş getdiyi yerdə monqolların əsas hissəsindən qəflətən sıx cərgələr şəklində ard-arda bir neçə atlı dəstələri ayrılır və bütün çöllüyü bürüyən döyüş nərələriylə böyük sürətlə .özlərini şah qoşununa vururlar. Döyüş başlayandan öz şanlı qoşununun sayca üçqat az olan bir çöl qoşununu üstələyə bilmədiyinə heyrət edən şah indi də təəccüb içində cəmisi bir neçə minlik atlı dəstənin sanki önündə heç bir şey yox imiş kimi irəli şığımasına baxırdı. Gəmilər dalğaları necə yarıb keçirlərsə bu atlı dəstə də şah qoşununu eləcə yarıb keçirdi. Şah bir də onda ayılır ki, bu əcaib atlı dəstə , nəhayət, qoşunun içindən çıxıb birbaşa onun olduğu təpəliyə doğru şığıyır.Yaxşı ki, şah vaxtında atına minib ayrıca olaraq onu qorumaq üçün dayanmış, sayseçmə igidlərdən ibarət candar bölüyünə tərəf çapa bilir, çünki az sonra onun süfrəsi monqol atlılarının ayaqları altında qalmışdı. Bu atlı dəstələrin başında Cuçi xanın özü və hələ sağlığında adına əfsanələr qoşulan Subuday bahadır durmuşdu. Döyüşün qızğın çağında az bir dəstə ilə birbaşa şahın üstünə cummaq planı da bu mahir sərkərdəyə məxsus idi. Bundan əvvəl Şimali Çində bu yolla çox qələbələr qazanmışdı. Çingizxan belə öyrətmişdi; əgər düşmən çoxdursa onun üzərinə bir tufan kimi hücuma keçib lərzəyə salın, çünki ən yaxşı müdafiə hücumdur.
Döyüş günbatana qədər davam edir, qaranlıq düşhadüşdə tərəflər hərəsi öz düşərgahına çəkilir. Sabah yenidən dava olacaqdı.. Amma dan yerı söküləndə kəşfiyyatçılar monqolların çoxdan getdiklərini xəbər verirlər. Cəlaləddin atasından onların ardınca getməyi xahiş edir, amma şah razı olmur və çox pərişan bir halda qoşunun geri dönməsi üçün əmr verir. Bu, Çingizxan əsgərlərinin şah qoşunu ilə ilk görüşü idi. Heç zaman adam yerinə qoymadığı çöl adamlarından Xarəzmşah ağır döyüş dərsi almışdı. Çingizxan yüksək səviyyədə qurduğu casusluq şəbəkəsi ilə yaxın-uzaq ellərdən xəbərdar idi. Xarəzm ordusu haqqında da məlumatı çox idi. Amma bu döyüş Xarəzm ordusunun döyüş qabiliyyətini əyani göstərmişdi. Çingizxana qəribə gəlmişdi; necə yəni az qalsın şahın özü ələ keçəcəkdi? Bu necə ordu idi? Bu böyüklükdə imperiyanın hökmdarının birbaşa iştirak etdiyi döyüşdə belə biabırçılıq! Həm də sayca dəfələrlə az olan qoşuna qarşı… Xaqanın yanında monqollar belə döyüşərlərmi? Monqollar tümənbaşiya da, minbaşı və yüzbaşıya da xaqana sadiq olduqları kimi sadiqdirlər. Odur, Subuday bahadırın tüməni bütün orduda ad çıxarıb, hamı onlara “dəlilər” , “qudurmuşlar” deyir. Çünki əgər Subuday onlara əmr versə ki, bu uçurumdan atılın, heç düşünmədən atılarlar. Niyə? Çünki inanırlar ki, Subudayla məhv olmazlar.
Amma xaqanın bu böyük imperiyaya hələ ki hücum etmək fikri yox idi. Şimali Çini fəth etmişdisə də orada iğtişaşlar durmaq bilmirdi, ona görə də məşhur sərkərdələrindən Mukali Qovanı 50000-lik qoşunla orada saxlamışdı. Xarəzmi isə hələ öyrənmək lazım idi; əgər şah qoşunu özü baxa-baxa cəmisi iki tümənlə bacara bilmirdisə o böyüklükdə imperiya görəsən nəyin üstündə dururdu?!
Çingizxanın şahla ticarət müqaviləsi vardı. Bu müqaviləyə görə tacirlər sərbəst ticarət edə bilərdilər. Ona görə də Çindən ələ keçirilən qənimət mallarla dolu 450 dəvə yüklü böyük bir karvan Xarəzmə yola salınır. Xarəzmin girəcəyində Otrar şəhəri vardı. Karvan o şəhərə daxil olur. Xarəzmin faciəsinin əlifbası da buradan başlayır. Tacirlər bazarda gözəl Çin ipəyini, əntiq mallarını satışa çıxarırlar. Camaat biləndə ki, onların xanı Şimali Çini işğal etmiş, bu mallar da oradan gətirilmişdir, öz şahlarına qarşı narazılıq səslərini ucaltmağa başlayırlar ki, niyə biz gedib oraları tutmamışıq, burada ac-acından oturmuşuq, ölməmək üçün yaşayırıq, şahımız vergiləri kefi istədiyi kimi qaldırıb əndamını yekəltməkdən başqa bir işə yarayırmı?..Camaatın həyəcana gəlməsi xəbəri şəhər hakimi İnalçik Kair xanın qulağına çatır. Gələcək qırğınlarin bir nömrəli səbəbkarı olacaq bu var-dövlət hərisi, yaramaz adam karvan hələ şəhərə yaxılaşdığı zamandan dəvələrdəki mallar üçün ağzının suyunu yığıb-yığışdıra bilmirdi. Camaat arasında gəzən bu söz-söhbət ona bir bəhanə olur. Tacirləri casusluqda təqsirləndirib edam etdirir, karvanın mallarını isə dəvələri qarışıq öz malı kimi həmin bazardaca birə beş qiymətinə satdırır. Bu görünməmiş bir zalımlıq idi. Amma Kair xan rahat idi; buna görə kim ona cəza verəcəkdi ki? O axı şahın anasının qohumu idi. Hansısa bir çöl xanı ona nə edə bilərdi? Xəbər Çingizxana çatdıqda inana bilmir. Dövlət işlərində yeganə məsləhətçisi Yelyudan məsləhət istəyir. Xaqan yalnız onu dinlərdi. Bu adam onun ən qəzəbli anlarında ona söz deyə bilən yeganə adam idi. Bir zamanlar Şimali Çin imperatorunun məsləhətçisi olmuşdu, xaqan imperatoru məhv etdikdən sonra onun çox ağıllı birisi olduğunu görüb öldürməmiş, öz məsləhətçisi etmişdi.
Yelyu deyir ki, şaha məktub yaz,əgər onun bu işdən xəbəri yoxsa qoy günahkarı cəzalandırsın. Xaqan da məktub yazdırıb dərhal elçilərlə göndərir. Elçilər şahın hüzurunda xaqanın öyrətdiyi kimi sərt bir şəkildə İnalçik Kair xanın cəzalandırılmasını tələb edirlər. Şahın yaxınlarından biri bu cürətdən qəzəblənir, qılıncını sıyırıb elçilərdən birini iki parça edir, obirinin isə saqqalını ütüb xaqanin üstünə göndərirlər. Elçi üzünü parça ilə örtüb monqol çöllərinə tərəf yol alır. Xaqanın çadırına yetişəndə xaqan sərkərdələrinə ziyafət verirmiş. İçəri girib əhvalatı danışır və yalnız sonunda saqqalının ütüldüyünü söyləyəndə üzündəki örtüyü götürür. Ən dəhşətli müharibələrdə belə təmkinini pozmayan Çingizxan dəli kimi taxtından atılır. Bu çox ağır təhqir idi; elçinin saqqalını ütmək xaqanın saqqalını ütmək demək idi. Çaşqınlıqla sərkərdələrə və Yelyuya baxır. Sərkərdələr sanki donmuşlar.Yelyu isə əllərini sinəsində çarpazlayaraq ehtiramla başını aşağı əyir; yəni mənim sözüm buracan idi, bundan sonra söz artıq xaqanındır. Xaqan pişik gözləri kimi qıyıq, mavi gözlərini gen açaraq bir də elçiyə, onun ütülmüş saqqalına baxır. Birdən əllərilə üzünü örtür, sonra qulaqlarını tutaraq çox bərkdən yaralı aslan kimi nərildəyir.Və bağıra-bağıra da çadırdan çıxır.Gözətçilərin çadırın ağzındaca həmişə hazır saxladıqları atının belinə atılır. Bərk-bərk onun boynunu qucaqlayır. Üzünü atın yalına sürtə-sürtə birdən hönkür-hönkür ağlamağa başlayır
Sərkərdələr də onun ardınca çadırdan çıxmışdılar. Orduya dərin sükut çökmüşdü. Heç kəs, hətta Yelyu da cürət edib ona yaxılaşa bilmirdi. Xaqan birdən nə düşünürsə uzaqlardakı təpəliklərə doğru baxır və birbaş o tərəfə çapır. Bu, monqolların müqəddəs hesab etikləri təpəlik idi. Hamı anlayır ki, böyük xaqan Göy Tanrı ilə yalnız qalmaq istəyir. Monqolların inancına görə Çingizxan Tanrıya yaxın müqəddəs “boqdı” xanlardan idi. Tanrı monqolların bir-biri ilə boğuşduğunu görüb onu göndərmişdi ki, dağınıq tayfaları birləşdirsin, dünyanı monqollara versin. Bu işi yerinə yetirdikdən sonra Tanrı yenə onu öz yanına çəkəcəkdi. Tanrının belə bir qüdrətli adamı göndərəcəyinə inam monqollar arasında bir neçə yüz il idi ki mövcud idi. Əsrlərlə əvvəl bir monqol alaçığına işıq dumanı şəklində bir kişi girmiş, alaçıqdakı cavan, gözəl qız isə doqquz aydan sonra sarışın, mavi gözlü bir oğlan uşağı doğmuşdu. Şamanlar hər zaman deyirmişlər ki, monqollara bənzəməyən bu oğlanın nəslindən nə zamansa böyük bir adam dünyaya gələcək və dünyanı lərzəyə salacaq, çünki bu oğlan göylər oğludur. Budur, neçə-neçə nəsillər keçmiş, nəhayət, əfsanə həqiqət olmuşdu. Monqollara bənzəməyən sarışın, mavi gözlü Çingizxan həmin o oğlanın nəslindən idi. Odur ki,hər bir monqol Çingizxana hədsiz sədaqəti ilə Tanrı sevgisini qazanmaq istəyirdi; böyük xaqan göylər oğlu idi.
Xaqan təpəliyin başında Tanrıya göz yaşları içində uzun-uzadı yalvarır, dua edir, sonunda diz çöküb doqquz dəfə torpağı öpür. Təpəliyin ətəyində onu oğulları, Yelyu və bir neçə sərkərdələri gözləyirdi. Xaqan çox fikirlidir, mavi gözləri ağlamaqdan qızarmış, üz-gözü göz yaşlarından islanmışdır. Amma artıq sakitdir. Yenə heç kəs səsini çıxara bilmir.Yalnız ata mindikdə Yelyu sakitcə deyir:”Balçıjanlar Tanrının sevimli xaqanını yalnız buraxmaq istəmədilər” .
Ağıllı məsləhətçi nəyi nə vaxt deməyi gözəl bilirdi. Xaqan ordugaha döndüyündə əsgərlər onu belə üzgün görməməliydilər, ona görə də “Balçıjan” kəlməsini məxsusi işlətmişdi. Doğrudan da, bir tək cümlə məlhəm kimi bir şey olur. Xaqan sanki yuxudan ayılır, belini dikəldib cəld, iti nəzərlərlə atlılara baxır, gənclik illərindən onunla qanlı mübarizələrdə can qoymuş sevimli adamları görür. Balşıjan…Balçıjan…Bu söz nə vaxtın xatirəsiydi! Yelyu o zaman monqol ordusunda deyildi, o hadisəni ağızlardan eşitmişdi. 1203-cü ildə Çingizxan xaqan olmazdan üç il öncə monqol çöllərinin bir neçə qüdrətli xanı, o cümlədən də Temuçin düşmənlərə qarşı birləşmək təklifini irəli sürürlər. Başçı seçilməli idi. Digər xanlar imtina edirlər, nəhayət, var-dövlətə həris olmayan, “dünyada ən böyük həzzi düşmənlərini diz çökdürməkdə, onların arvadlarını öz yatağına sürükləməkdə görən “ Temuçini özlərinə başçı seçirlər, düşünürlər ki, ad onun olar, dad onların. Amma az sonra həmin xanların döyüşçüləri yavaş-yavaş Temuçinin bayrağı altına toplaşmağa başlayırlar, çünki Temuçin obiri xanlara bənzəmirdi. Mərd və səxavətli idi, düşmən üzərinə qorxmadan qoşun önündə ildırım kimi gedirdi. Belə gedərsə onun get-gedə qüdrətinin artacağından qorxan xanlar sui-qəsd planı hazırlayıb ona qarşı birlikdə hücuma keçirlər və Temuçin həyatda ilk və son, amma çox ağır məğlubiyyətə uğrayır. Cəmisi 4600 əsgərlə yaralı və pərişan halda uzaq çöllüklərə qaçır. Ordunun ərzağı çatışmır, elə bədbinləşir ki, hətta ordunu dağıtmaq, alaçıqlara dönmək, yenə əvvəlki tək adi həyat sürmək fikrinə düşür. Bunu sərkərdələrinə bildirir, amma nə sirrsə nə sərkərdələr, nə sıravi əsgərlər, heç kim dağılmaq, onu tənha buraxmaq istəmir. Xəyanətdən uzaq, həmişə açıq döyüşməyi sevən Temuçini ən çox sarsıdan Van xanın və uşaqlıq dostu Camukanın da bu sui-qəsddə iştirak etməsi idi. Güclü tayfa olan karaitlərin xanı Van xan onun atasının yaxın dostu olmuşdu. Gənclik illərində dinc həyatını mübarizələrlə dolu hərbçi həyatı ilə dəyişməsinə bu xan köməklik etmişdi. Düşmən tayfanın əsirliyində üç il ağır həyat keçirib qaçandan sonra da hələ ağlı başına gəlməmişdi, elə bilirdi tayfalararası qırğınlar olan yerdə sakit həyat sürmək mümkündür. Amma evlənəndən sonra düşmənlər bu dəfə hücum edib arvadını qaçırdıqda anasının məsləhəti ilə birbaşa Van xanın yanına gedir. Artıq əlvida dinc həyat, çünki öldürməsən öldürüləcəksən, əsir etməsən əsir edəcəklər. Van xan atası ilə dostluğunun xatirinə onu çox mehribanlıqla qarşılayır, ona ordusunun bir bölüyünü verir, o da bu bölüklə gedib düşmənlərini məhv edir və arvadını əsirlikdən qurtarır. Bu döyüşdə onun hərb işini gözəl bildiyini görən Van xan ona bundan sonra da öz yanında xidmət etməyi təklif edir, o da məmnuniyyətlə razılaşır. / Bu həmin Van xan idi ki, ermənilər ona “İvan xan” deyib Avropaya belə bir şayiə yaymışdılar ki, güya Uzaq şərqdə qüdrətli bir xristian hökmdar var, onunla tezliklə əlaqə qurub müsliman türklərə qarşı şərqdən ikinci cəbhə açmaq lazımdır. Əslində isə “van” ona tatarları dağıtdığı üçün Çin imperatorunun verdiyi titul idi, o döyüşdəki şücaətinə görə həmin imperator Temuçinə də “çöl bahadırı” fəxri adını vermişdi. Əsl adı isə Toğrul idi./
Ordu gəlib elə bir yerə çıxır ki, içməli su da böyük problem olur. Qurumaqda olan bir çayın lilli, palçıqlı suyundan içirlər. Nə edim, necə edim deyərkən Temuçinin savaşda hamının ölmüş hesab etdiyi qardaşı gəlib çıxır. Onu yorğun, üzgün, əldən düşmüş, cır-cındır içində görən Temuçinin ağlına belə bir hiylə gəlir; onu bu miskin vəziyyətdəcə Van xanın yanına göndərsin, çox pis gündə qaldıqlarını bildirərək özü üçün də, onun üçün də aman diləsin, özü isə gizlicə yola çıxıb gecə ilə xanın ordugahına hücum etsin. Bu artıq ölüm-dirim məsələsi idi, ya heç nə, ya hər şey. Tanrı ya Van xana verər, ya ona. Əgər Van xana qalib gələrsə, digər xanlar ondan ehtiyatlanacaqdılar. Amma risq çox böyük idi; monqollar özlərindən dəfələrlə artıq bir qoşuna qalib gəlməli idilər. Ona görə də hücum planı ən incə detallarına qədər düşünülüb hazırlanır, sonra isə bütün ordu həmin o suyu qurumaqda olan çayın lilli, palçıqlı suyunu içərək Temuçinə sədaqət andı içirlər.”Balçıjan” sözü / palçıq sözündən / buradan yaranmışdır. Van xan Temuçinin qardaşını çox pis halda görüb yaman təsirlənir, atası ilə dostluq illərini xatırlayıb kövrəlir, deyir Temuçinə aman verdim, gəlsin.
Səs salmasınlar deyə atların ayaqlarına bez bağlatdıran Temuçin bu zaman artıq onun ordugahının yaxınlığında idi. Qardaşının xanın düşərgəsindən bir neçə əsgərlə çıxdığını, xanın isə bu münasibətlə böyük ziyafət verdiyini öyrənən Temuçin gecənin düşməsini gözləyir, xanın əsgərləri qayğısız, sərxoş halda ora-bura dağılışdıqları zaman qəfildən ildırım kimi basqın edib karaitlərin varlığına son qoyur. Cəmisi bircə gün əvvələ qədər bir daha dirçələ bilməyəcəyinə heç kimin şübhəsi olmayan Temuçin o gecənin səhərini monqol çöllərinin ən qüdrətli xanına qalib gəlmiş bir qəhrəman kimi açır. Bundan sonra sui-qəsd iştirakçısı olan digər xanlarla ayrı-ayrılıqda hesablaşır, nəhayət, ən sonda and qardaşı Camukanı ağır məğlubiyyətə uğradır. Və 1206-cı ildə bütün monqol çöllərinin yeganə qüdrətli hökmdarına çevrilir.
Bəli, balçıjanlar… Onlarla dağı dağ üstə qoymaq olar. Xaqanın gözlərinə işıq gəlir. Amiranə səslə: ”Mən Tanrıya yalvardım ki, düşməndən qisas almaq üçün mənə qüvvət versin” deyir. Sonra ayrıca Yelyuya dönür: “Şaha təcili məktub yazdır. Mənim elçimi öldürmək, saqqalını ütmək nədir ona göstərərəm! “
Bəli, ordugaha dönürlər. Ziyafət davam edir. Şaha göndəriləcək məktubu xaqana oxuyurlar. Amma uzun-uzadı və çox yumşaq bir dildə yazılmış məktubu sonunadək dinləməyə xaqanın hövsələsi çatmır, qəzəblə məktubu alır, cırıq-cırıq edib oxuyanın üzünə çırpır.Yazarına deyir :”Belə yaz! “ və fikrə gedir. Çadıra ölü bir sükut çökür, milçək uçsa vızıltısı eşidilər. Xaqan fikirləşir, fikirləşir, hərdən “köpək” deyə yumruğu ilə dizini döyəcləyir, düşünür, daşınır. Birdən cəld taxtından qalxır. Diqqətlə yazarın üzünə baxır, baxır və sağ əlini ona tuşlayıb qəzəbdən bütün vücudu əsə-əsə dəli kimi bağırır: ”Müharibə istədin! Görəcəksən! “
Məktub dərhal möhürlənib çapara verilir, Xarəzmşaha göndərilir.
Cəmisi üç kəlməlik məktub… Ancaq nəinki Xarəzmin, eləcə də bütün Asiyanın taleyini dəyişəcək üçcə kəlmə…
Deyə bilərlər bu niyə kənar məsələlərdən danışır, birbaşa mətləbə keçmək olmazmı? Xeyr, olmaz. Bunlar heç də kənar məsələlər deyildir və əsla əziz oxucumu intizarda saxlamaq məqsədi güdmür. Mən hələ bir çox hadisələrin üstündən sükutla keçməyə məcbur olmuşam, sırf əziz oxucumu yormamaq xatirinə. Amma bu dediklərim də olmasa, ümumiyyətlə, o dövrün ab-havası azacıq da olsa udulmasa Koroğlu əfsanəsinin necə və haradan qaynaqlandığını anlamaq çətin olar.
Bəli, şah məktubu oxuyur və çox təəcüblənir. Çölün yarımvəhşi adamlarının xanı nə cürətlə ona — şah oğlu şaha bu tərzdə məktub yaza bilmişdi, anlaya bilmir. Cəlaləddin də, sərkərdələr də monqollarla açıq döyüşdə vuruşmağın vacib olduğunu bildirirlər, amma monqolların kiçicik dəstəsinin iki il əvvəl necə igidliklə vuruşduğunu öz gözlərilə görmüş şah ehtiyatlanır və şəhərlərin qalalarını möhkəmlədib müdafiə olunmağı düzgün hesab edir. Ona belə gəlir ki, çöllülərə Kair xan lazımdırsa Otrarı işğal edib gedəcəklər. Əgər Otrarla kifayətlənməsələr Buxaranın da, Səmərqəndin də, Ürgəncin də qalaları kifayət qədər möhkəmdir, hər birində də xeyli igid döyüşçü. Monqolları bir müddətə ləngidərlər, o zamana qədər də şah İran tərəflərə gedib yeni, böyük bir qoşun toplayar, qayıdıb monqolların dərsini necə lazımdı verər.
(ardı var)
Mirzə Hacıyev