Dünən ilk dəfə Şimali Koreya ordusunun bölmələri Kursk vilayətinin Sudja şəhəri yaxınlığındakı Ukrayna ordusunun mövqelərinə kütləvi hücum həyata keçirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Censor.NET”-in baş redaktoru, ukraynalı hərbi jurnalist Yuri Butusov “facebook” sosial şəbəkəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, döyüş çətin keçib, şimali koreyalılar Ukrayna istehkamlarının bir hissəsini ələ keçirə biliblər. Onun mənbələrinə görə, ayrı-ayrı dəstələrdə olan 200-dən çox düşmən əsgəri Kursk vilayətinin Sudja rayonunun Malaya Loknya kəndi yaxınlığındakı meşə zolaqlarından birini tutmaq üçün relyefdən istifadə edərək bir neçə istiqamətdən hücuma keçib: “İki yüzdən çox Şimali Koreya əsgəri bir neçə istiqamətdən Ukrayna mövqelərinə hücum edib. Düşmənin məqsədi meşə qurşağının hissələrindən birini tutmaq idi. Rusiya qoşunları onlara güclü atəş dəstəyi verdi və və Mi-8TPR helikopterləri də daxil olmaqla elektron mübarizə avadanlıqlarından fəal şəkildə istifadə etdi. İtkilərə baxmayaraq, düşmənin hücum qrupları atəş zərbələri altında belə dayanmadan irəliləyirdilər. Bu, 1950-53-cü illərdə Koreya müharibəsi zamanı Şimali Koreya və Çin ordularının istifadə etdiyi “canlı dalğa” taktikasını xatırladır. Döyüş çətin idi. Düşmən yaxşı fiziki hazırlıq, sürətli hərəkət və öz itkilərinə diqqət yetirməməsi sayəsində(hücum zamanı yaralıların və ölənlərin təxliyyəsi həyata keçirilmədi) Ukrayna mövqelərinə çata bildi”.
Butusov qeyd edib ki, şimali koreyalılar bir sıra səngərləri ələ keçirib, lakin ümumilikdə Ukrayna müdafiəsi dayana bilib və Ukrayna Silahlı Qüvvələri vəziyyəti bərpa etmək üçün bir neçə uğurlu əks-hücum keçirib.
Onun sözlərindən belə çıxır ki, döyüşlər davam edir: “Düşmən hər an atəşə tutulur. Ukrayna komandanlığının ixtiyarında olan videoda onlarla Şimali Koreya əsgərinin cəsədi əks olunub. Hələlik kiminsə əsir götürülüb-götürülmədiyi barədə məlumat yoxdur”.