Tribunainfo.az xəbər verir ki, may ayının 20-si Azərbaycan Pedaqoji Universitetində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadənin “Sufi fenomenologiya” əsərinin müzakirəsinə həsr edilmiş “Sufi fenomenologiya – yeni dövrün yeni fəlsəfəsi” adlı Dəyirmi masa keçirilmişdir. Azərbaycan Pedaqoji Universitetinin rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov gələn qonaqları salamlayaraq tədbiri açıq elan etdi və sözü moderator, fəlsəfə elmləri doktoru, professor Zaur Bağırova verdi. Elmi müzakirədə Respublikanın fərqli müəssisələrindən fəlsəfə mütəxəssisləri iştirak edirdilər.
Əvvəlcə ikicildlik monoqrafiyanın müəllifi Könül Bünyadzadə yeni fəlsəfi konsepsiya haqqında məlumat verərək yeni dövrün tələblərindən danışaraq burada Şərq və Qərb arasında mənəvi və mental əlaqələrin vacibliyini, varislik prinsipinin qorunması ilə yanaşı həm də elm və din, xüsusilə süni intellekt və mənəviyyat arasında mümkün sintezlərin zəruriliyi haqqında məlumat verdi. Məruzəçi vurğuladı ki, “Sufi fenomenologiya”nın iki diqqətəlayiq cəhəti ön plana çəkilməlidir. Birincisi, o, Qərb fəlsəfi sistem nümunəsində yazılmışdır və bu fakt ona tanınmış fəlsəfi sistemlər sırasında öz yerini tutmasına, eyni zamanda, yeni perspektivlərin açılmasına imkan verir. İkincisi isə, tədqiqatın məhz Sufizmin prinsipləri üzərində qurulması və onu ana xətt olaraq izləməsi. Bununla o, dünya düşüncə tarixində İslam hikmətinin rolunu və əhəmiyyətini bir daha diqqətə çatdırmış olur.
Daha sonra Könül Bünyadzadə müəllifi olduğu yeni fəlsəfi konsepsiyanın – Sufi fenomenologiyanın əsas prinsip və ideyalarından danışdı. Burada o, həm yeni fəlsəfi konsepsiyanın fəlsəfə tarixindəki əsas istinad məqamlarını təqdim etdi, həm də əsas müddəaların şərhini verdi. Bununla məruzəçi Sufi fenomenologiyanın varlıq və idrak, Yaradan və yaradılmışlar, zaman və məkan haqqında yeni baxış bucağı olduğunu əsaslandırmış oldu.
Könül Bünyadzadə yeni fəlsəfi sistemin xüsusilə dörd əsas istiqamətini təqdim etdi: Yaradılış, idrak prosesi, şəxsiyyətin formalaşması və cəmiyyətdə rolu, fəlsəfə və elmin qarşılıqlı təsiri. Hər biri haqqında ətraflı təhlil verməklə məruzəçi bu nəticəyə gəldi ki, elm gerçəkliyin zahirini, din isə onun ruhunu öyrədir. Onları birləşdirən fəlsəfə olmasa, iki böyük enerji seli bir-birini söndürməyə və qarşısına çıxan hər şeyi məhv etməyə qadirdir. Sufi fenomenologiya həmin fəlsəfədir.
Dəyirmi masada iştirak edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, Sosiologiya elmlər doktoru, prof. Rəfail Həsənov, Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dos. Kəmalə Pənahova, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dos. Qəmər Mürşüdlü, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Müasir Fəlsəfə problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, prof. Əli Abasov, Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, prof. Roida Rzayeva, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, İctimai Televiziyanın “Din və Cəmiyyət” verilişinin layihə rəhbəri və aparıcısı, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, fəlsəfə elmlər doktoru, prof. Tahirə Allahyarova, Azərbaycan Pedaqoji Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasının müdiri fəlsəfə elmləri doktoru, prof. Rəfail Əhmədli, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, Qadir Səfərov yeni konsepsiya haqqında öz fikirlərini bildirib, onun yeni dövrün tələblərinə nə dərəcədə cavab verdiyini təhlil etdilər, məruzəçiyə bu istiqamətdə müxtəlif suallar verdilər.