“Kontakt Home”da tam idarəsizlik, yiyəsizlik hökm sürür. Faktiki şirkətdə anarxiyadır. Deyəsən, “Kontakt”ın faktiki sahibi Elnur Allahverdiyevin parlamentdən kənarlaşdırılmasının ardınca bu şəbəkənin bağlanacağı haqda xəbərlər heç də əsassız deyil.
Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalist Elşad Məmmədli bildirib.
O, başına gələnlərdən bəhs edib: “Son 10 gündə bu şirkətdə başıma gələnlər qeyd etdiklərimi deməyə əsas verir. “Kontakt”dan kataloq üzrə ağ çarpayı aldıq, müqavilə bağladıq. 3 gün sonra məhsulu evə gətirib qoyub getdilər. Bunun səhəri gün quraşdırmaq üçün ustaları gəldi. Açıb baxanda məlum oldu ki, bizə sifariş verdiyimiz məhsul yox, başqa mal gəlib. Günlərdir zəng edirik, gedib Kontaktın özündə də demişik ki, gəlin ya məhsulu dəyişdirin, sifariş verdiyimizi gətirin, ya da bunu götürüb aparın. Heç birini eləmirlər. Nəhayət, şirkətin mətbuat xidmətinin rəhbərini axtarmağa başladım ki, bəlkə yardımçı ola. Yazdığım mesajı oxudu, heç cavab da vermədi. Belə şirkət, əlbəttə, bağlanmalıdır. Belə görünür ki, artıq idarəetməni də başlı başına buraxıblar, qürublarını yaşayırlar həzin-həzin”.
O, mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vəfa Rüstəmovanın sonradan onunla əlaqə saxladığını bildirib: “Məsələ ilə maraqlandı, problemin həllinə dair qərar verildiyini və məsələnin həllini tapacağını bildirdi. Bunun üçün Vəfa xanıma təşəkkür edirəm”.