Azərbaycan hökuməti biznes qurumları üçün son dərəcə rahat bir toxunulmazlıq şəraiti yaradıb. Ancaq biznes qurumları, yəni “Kontakt Home”, “Baku Elektroniks” kimi şəbəkələr bundan sui-istifadə edir.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov biznes qurumlarının özbaşınalığından danışarkən deyib. Ekspert bildirib ki, bu qurumlar onlar üçün yaradılan şəraitdən istifadə edərək istehlakçıları aldatmaqla məşğuldur:
“Hər bir biznes qurumundan şikayətlər daxil olur. Təbii ki, ən çox şikayət olunanları da var. İllərdir dəyişməyən sistem təəssüf ki, “Kontakt Home”dadır. İstehlakçı hüquqları tez-tez tapdanır, qaydaları tez-tez pozurlar. Biz bu cür şikayətləri biznes qurumlarına müraciət etməklə, danışıqla həll edə bilirik. Ancaq “Kontakt Home”la heç cür danışıb problem həll etmək mümkün deyil. Ona görə də problem çox vaxt məhkəməyə qədər uzanır.
“Baku Elektroniks”də də vəziyyət təxminən eynidir artıq. Ən az şikayət isə “İrşad”la bağlıdır”.
E.Hüseynov bildirib ki, ən yaxşısı istehlakçılar diqqətli olmalı, “Kontakt Home” və “Baku Elektroniks” kimi şəbəkələrdən uzaq durmalıdır:
“Müştərilərə məsələhətim odur ki, bu cür mağazalara inanmasınlar. Aldıqları məhsulu yerində yoxlasınlar. Nöqsan varsa, elə mağazada aşkarlansa yaxşıdır. Yoxsa mağaza məsuliyyəti alıcının üzərinə atır. “Kontakr Home”, “Baku Elektroniks” imi mağazalarda müştəriyə vitrin malı da satılıb, detalı dəyişdirilmiş mal da verilib. Çox vaxt geri qaytarılmış zay məhsullar yenidən müştərilərə satılır. Ona görə də aldanmamaq üçün mümkün qədər diqqətli olun. Diqqət edin ki, aldığınız məhsul qutusunda bağlı formada olsun, qutunu özləri açsın, əşya evə gəlməlidirsə, özləri gəlib quraşdırsınlar. Əks təqdirdə ya daşınma, ya da quraşdırma zamanı zədələndiyini deyib sizi günahlandıracaqlar”.
Yazıda adı keçən biznes qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul