Komitə sədri Anar Quliyev inşaatçıları peşə bayramı münasibətilə təbrik etdi

Komitə sədri Anar Quliyev inşaatçıları peşə bayramı münasibətilə təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev inşaatçıları peşə bayramı münasibətilə təbrik edib.

Tribunainfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz və dəyərli inşaatçılar!

Artıq 15 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin inkişafındakı xidmətləriniz və əvəzsiz rolunuz nəzərə alınaraq 10 aprel – İnşaatçılar Günü peşə bayramı kimi qeyd edilir.

Əsası müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi altında şəhərsalma və tikinti sektorunun geniş vüsət almış davamlı inkişafı sözsüz ki, hər birinizin gərgin və fədakar əməyinin nəticəsidir.

Zəngin tarixə malik olan və bu zənginliyi əsrarəngiz maddi-mədəniyyət inciləri ilə təcəssüm etdirən Azərbaycan inşaatı şanlı ənənələrinin tərəfinizdən yüksək peşəkarlıqla davam etdirilməsi ölkəmizə şəhərsalma, memarlıq, tikinti sahələrində böyük nailiyyətlər qazandırıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında layihəçi, inşaatçı, memar və mühəndislərimizin bir amal ətrafında birləşərək, Qarabağ və Şərqi Zəngəzur ərazilərində yeni tikinti cəbhəsi yaratması xalqımıza rahat, xoşbəxt və firavan gələcək vəd edir.

Doğma yurdlarında əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək məqsədilə qabaqcıl şəhərsalma standartlarına uyğun aparılan nəhəng tikinti-quruculuq işlərində çəkdiyiniz zəhmət insanların gözü qarşısında baş verməklə Sizə sonsuz sevgi və rəğbət qazandırır. Şübhəsiz ki, peşəkar fəaliyyətinizə hədsiz güvənc hissi soydaşlarımıza dədə-baba torpaqlarına böyük inam və ruh yüksəkliyi ilə qayıtmağa stimul verir.

Əminəm ki, sayənizdə hər ötən gün daha çox evdə yanan işıq hər birinizi yeni nailiyyətlərə ruhlandıracaq və biz “Böyük Qayıdış”la bağlı hədəflərimizə tezliklə müvəffəqiyyətlə çatacağıq.

Bu əlamətdar gündə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi adından hər birinizi səmimi-qəlbdən təbrik edir, suveren dövlətimizin yeni quruculuq və inkişaf mərhələsində tükənməz enerji və bol nailiyyətlər arzulayıram!”

Hörmətlə,

Anar Quliyev
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri